Əgər cəsarətin varsa... Belə danışmaqdansa, sus, De Byazi!

4 Sentyabr 2021 13:40 Milli komanda 1 487
Əgər cəsarətin varsa... Belə danışmaqdansa, sus, De Byazi!

Azərbaycan millisi bu gün Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində səfərdə İrlandiya millisi ilə qarşılaşacaq.

Görüşdən öncə baş tutan mətbuat konfransında milli komandamızın çalışdırıcısı yenə nağıl danışıb.

Xələfləri - Berti Foqts, Robert Prosineçki, Nikola Yurçeviç kimi.

Deyib ki, "Ağır nəticədən sonra buraya gəlmişik. Lüksemburqla oyunun ikinci hissəsində keyfiyyətli oyun göstərə bildik. İlk hissə və ikinci hissə arasında böyük fərq oldu. İlk dəqiqədən son saniyəyədək mübarizə aparmalıyıq".

Cənab De Byazi, nəticənin ağır olmasını hamımız bilirik. Bunu təkrar-təkrar demək yox, səbəblərini açıqlamaq lazımdır. Əgər cəsarətin varsa.

Lüksemburqla oyunda milli komandanın fərqli hissələr keçirməsini də bilirik. Bunun niyəsini bilməyən yoxdur. Özün də yaxşı bilirsən. Amma elə təəssurat yaratmağa çalışırsan ki, sanki günah futbolçulardadır. İİlk saniyədən son saniyəyə kimi mübarizə aparmaq tələb etməyin başqa izahı yoxdur. Malalamaq yox, açıqca demək lazımdır ki, məğlubiyyətin səbəbkarı Mahir Emreli, Namiq Ələsgərov, Anton Krivatsuk kimiləri ehtiyatda saxlayan mənəm.

Təcrübəli mütəxəssis davam edir -"Qrupumuzda yer alan bütün komandalar reytinq baxımından bizdən irəlidədir, amma bu, bəhanə olmamalıdır".

Bu cümlədə bəhanədən başqa nə var? Mədəni deyir ki, məğlubiyyətə hazır olun. Rəqib bizdən güclüdür. Sondakı iki cümlə əvvəldəkiləri "sıvamaq"dan başqa bir şey deyil.

İtaliyan sözünə davam edir - "Evə yaxşı nəticə ilə dönmək istəyirik. Yaxşı nəticə əldə etmək üçün isə sabah maksimum gücümüzü nümayiş etdirməliyik".

Cənab De Byazi, bu nağılları gedib nəvələrinizə danışarsınız. Millinin maksimum gücünü qoyub, məğlub edə biləcəyi tək komanda Lüksemburq idi ki, bu şansı da sizin qərarlarınız dəfn etdi. Səninki "toydan sonra nağara" məslədir.

De Byazi bugünkü matç üçün meydana buraxacağı heyətdən də söz açıb -"Ancaq indi açıqlaya bilmərəm. Onu deyə bilərəm ki, Lüksemburqla oyunun ikinci hissəsində oynayanların çoxu meydanda olacaq".

O, yalnız açıqlamanın bu hissəsində özü də bilmədən Lüksemburqdakı səhvlərini etiraf etmiş olub. Cənab De Byazi, Lüksemburqla oyunun ikinci hissəsində oynayanların çoxu təkcə İrlandiyada yox, elə Lüksemburqda da ilk hissə meydanda olmalıydı.

Sizin və ya sizə tapşırıq verənlərin əndərabadi qərarları ucbatından belə olmadı. Nəticəsi də hər kəsə məlumdur. Açıq danışmağa cəsarətniz yoxdursa, barı susun!

Xanoğlan Imanov

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti