Azərbaycan millisi Dünya Çempionatının seçmə mərhələsinin üçüncü turunda səfərdə Lüksemburqa 2-1 məğlub oldu.
Komandamızın sabiq yarımmüdafiəçisi Əfran İsmayılov oyunla bağlı fikirlərini Sportinfo.az-la bölüşüb:
"İlk hissə demək olar heç nə ilə yadda qalmadıq. İkinci hissə dəyişiklər olandan sonra oyunumuzda əməlli başlı irəlilləyiş oldu.
Qrupda dişimizə görə rəqib Lüksemburq idi. Xal və xallar almalıydıq. Amma gördüyünüz kimi məğlub ayrıldıq.
Açığı, çox fikir bildirmək istəmirəm. Ancaq kənardan bir azarkeş, bir sabiq milli üzvü kimi baxanda bunu deyə bilərəm ki, hər komandaya qarşı eyni sistemlə oynamaq olmaz.
Hər rəqibə qarşı müdafiə, müdafiə, yenə müdafiə. Sən nə vaxt udmaq istəyirsən? Belə getsə, sən heç udmayacaqsan.
Gördüyünüz kimi ikinci hissə bəzi ön xətt oyunçuları oyuna daxil oldu. Komanda başqa sistemə keçdi.
Yalnız bundan sonra şanslar yarandı. Amma istifadə edə bilmədik. Yəni qol da vura bilərdik, önə də keçə bilərdik. Bunlar ilk hissədən olmalıydı.
Birinci hissə rəqib rahat qollar vurdu. Baxırsan ki, o qədər müdafiəçi ilə oynasaq da yenə 2 qol buraxırıq. Onsuz da belə müdafiənin faydası yoxdur".
Hazırda "Səbail"in uğurları üçün çalışan təcrübəli oyunçu De Byazi milli komandanı belə sistemlə oynatmağa davam etdikcə məğlubiyyətlərin olacağını bildirib:
"Portuqaliya və Serbiya ilə oyunlarda belə oynamağı başa düşdük. Lüksemburq, İrlandiya kimi millilərə qarşı oyunda hücum edib, qol vurmaq lazımdır ki, xallar qazana bilək.
Mənə hər zaman deyirdilər ki, De Byazi necə məşqçidir. Deyirdim ki, nə vaxtsa nəticələri olub. Bunlar geridə qaldı. Bizim üçün önəmli olan qrupda olan xallarımızdır.
Ondan sonra bilinəcək. Artıq göz qabağındadır. Üç oyundan sonra sıfır xalımız var. Qrupda sonuncu yerdəyik. Bu nəticə ondan xəbər verir ki, De Byazi o deyil.
Qrupdakı vəziyyətə baxıb danışmaq lazımdır. Əvvəldən hay-küy salmaq lazım deyil. Ortada heç nə yoxdur. Çox üzücü məğlubiyyət oldu.
Hər zaman istəmişik ki, millimiz qələbə qazansın. Çünki hər birimiz azərbaycanlıyıq. Kim gəlir, kim oynayır fərq etmir.
Əsas komanda üçün faydalı olsun. Bundan sonra daha ağır oyunlar var. Əgər belə müdafiə sistemi ilə oynasaq nəticə yenə belə olacaq".

