DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsinin arxada qalan hissəsində yalnız 9 komanda xal qazana bilməyib.
Sportinfo.az xəbər verir ki, 55 yığmanın mübarizə apardığı tsiklin uğursuzlarından biri də Azərbaycan millisidir.
Canni de Byazinin baş məşqçisi olduğu komanda bütün görüşlərdə minimal fərqlə uduzması ilə təsəlli tapa bilər.
Amma istənilən halda, Portuqaliya (0:1), Serbiya və Lüksemburqla (hər ikisi 1:2) matçlar aktivimizə xal gətirməyib.
Uğursuz “doqquzluq”da olan yığmamızla eyni durumda olanlar müxtəlif sayda oyun keçirib.
Cəbəllütariq (G) dörd, İrlandiya (A), Andorra, San-Marino (İ), Lixtenşteyn (J) üç, Kosovo (B), Litva (C) və Estoniya (E) iki qarşılaşmada uduzub.
A qrupunun xalsızları Azərbaycanla İrlandiya sentyabrın 4-də üz-üzə gələcək.

