"Hamı kimi mən də millidən qələbə gözləyirəm. İndiki halda bəzi gənclər püxtələşib. Çünki klublarında əsas heyətdə oynayırlar. Mahir Emreli, Anton Krivatsuk və Namiq Ələsgərov ölkə xaricində çıxış edirlər. Onlar komandaya güc verə bilərlər. Daha dəqiqi verməlidirlər".
Bu sözləri Sportinfo.az-a açıqlamasında Azərbaycan millisinin Dünya Çempionatının seçmə mərhələsindəki oyunlarını dəyərləndirən təcrübəli məşqçimiz Ağasəlim Mircavadov deyib.
74 yaşlı mütəxəssis milli komandada gəncləşdirmə siyasətinin aparıldığı qənaətindədir: "Milli komandamızda gəncləşdirmə gedir. Bu olmalıydı. Amma digər təcrübəli futbolçuların hazırkı formasından asılı olaraq yığmada da istifadə etməliyik. Hazırkı seçmə mərhələdə çox xal yığa bilməsək də, amma komanda tam formalaşmalıdır. Növbəti turnir Millətlər Liqasıdır. Ora isə bizə vacib lazımdır. Avropa Çempionatına getmək üçün qısa yol oradır".
Mircavadov düşünür ki, hazırkı dönəmdə rərqibin kimliyindən asılı olmayaraq milli öz oyun fəlsəfəsinin formalaşdırmalıdır: "İndiki halda futbolçular hər oyuna sonuncu oyun kimi çıxmalıdırlar. Rəqibin kim olmasından asılı olmayaraq biz öz oyunumuzu otuzdurmalıyıq. Hər zaman olduğu kimi millimizə uğurlar arzu edirəm. Əsas odur ki, millinin oyunu olsun. Oyun olanda xallar da gələcək. Bu vacib amildi".

