“Bu açıqlama ilə tanış olandan sonra De Byazi ilə əlaqə saxladım.
O, birmənalı şəkildə, qətiyyətlə bildirdi ki, mən elə açıqlama verməmişəm, fikirlərim təhrif olunub”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla deyib.
Federasiya mənsubu millinin baş məşqçisi Canni De Byazinin İtaliya KİV-də çıxan və Azərbaycanda birmənalı qarşılanmayan son müsahibəsibinin təhrifə məruz qaldığını bildirib.
Söhbət konkret olaraq italyan çalışdırıcının "Biancocelesti" telekanalına verdiyi açqlamadan gedir. Belə ki, DÇ-2022-dəki şansları dəyərləndirən
65 yaşlı mütəxəssis yığmamızın potensialı haqda xoşagəlməz tərzdə danışıb: "Əlçatmaz rəqiblərlə eyni qrupa düşdüyümüzü nəzərə alsaq, təəssüf ki, seçmə mərhələdə qalib gəlmək mümkün olmayacaq.
İlk iki yeri Portuqaliya və Serbiya yığmaları tutacaq. Üçüncü yer uğrunda mübarizə isə Lüksemburq və İrlandiya arasında gedəcək.
Biz beşinciyik və bu pilləni tərk etmək çox çətin olacaq. Bu cür qruplarda yalnız anonimlikdən xilas olmaq üçün mübarizə apara bilərsiniz".
F.Abdulla bu açıqlamanı yayan italiyalı jurnalistin De Byazidən üzr istədiyini qeyd edib:
“O, mənimlə danışandan sonra həmin italiyalı jurnalistlə əlaqə saxladı. Ortada “vatcap” yazışması var. De Byazi onu da mənə göndərib.
Telekanalın əməkdaşı orada baş məşqçidən üzr istəyir. Etiraf edir ki, onun fikirlərini düzgün başa düşməyib və doğru ifadə etməmişəm.
De Byazi, əslində, orada bildirib ki, Portuqaliya və Serbiya ilə birinci yer uğrunda mübarizə aparmaq çox çətin olacaq. O, “heç bir oyunda qalib gəlməyəcəyik” deməyib.
Baş məşqçi qrupa birinci yeri nəzərdə tutub. “Ümumiyyətlə, seçmə mərhələni qalib kimi başa vurmaq çətin olacaq” söyləyib.
Onu da deyib ki, İrlandiya, Azərbaycan və Lüksemburq üçüncü yer uğrunda mübarizə aparacaq.
Eyni zamanda, əlavə edib ki, hər nə qədər çətin olsa belə, Portuqaliya və Serbiya ilə qarşıdakı oyunlarda var gücümüzlə çıxış edəcəyik. Onun mövqeyi bundan ibarətdir”.

