De Byazi ŞOU - Bu adları görəndə adamı ağlamaq tutur!

24 Avqust 2021 14:00 Milli komanda 2 221
De Byazi ŞOU - Bu adları görəndə adamı ağlamaq tutur!

Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsində sentyabrın 1-də Lüksemburq, 4-də İrlandiyanın qonağı olacaq, ayın 7-də isə Portuqaliyanı qəbul edəcək.

De Byazi bu oyunlar üçün yoxlama xarakterli 3 günlük toplanış təyin edib.

25-27 avqust tarixlərini əhatə edən toplanışa 20 futbolçu dəvət edilib.

Siyahıda olan bəzi adları görəndə adamı ağlamaq tutur. Elə adlar var ki...

İnanın səmimiyyətimə bəzilərini klublarında məşqçilər əlacsızlıqdan heyətə salır. Pulsuzluqdan kluba dəvət edib. Azacıq imkan olsa, həmin futbolçuların başını buraxarlar. O futbolçular da futbolun başını buraxar.

Amma De Byazi onların başını buraxmır. İnanır ki, onlardan futbolçu çıxacaq. Milli komandaya fayda verəcəklər. Oynadıqları futbolla dünya ulduzu Ronaldonu mat edəcəklər. Hay-hay...

Ay səni, qoca italiyan. Sən dedin, biz də inandıq?

Bütün bu hay-həşrin tək adı var - gözdən pərdə asmaq!

De Byazi bu addımı ilə "Baxın, mən işləyirəm. Hətta ən cuzi şansı olanları belə milli komandaya çağrıram" ismarıcını verir.

Reallıqda isə özü də bilir ki, kim nə qabiliyyətin yiyəsidir. Adı kimi əmindir ki, bu 20 nəfərdən kimlər milliyə fayda verə bilər. Belə ucuz şoular baş qatmaq, gün keçirməyə hesablanmış addımlardır.

Hərəsi bir yolla oturduğu kreslonun ömrünü uzatmalıdır ya yox? Dəlidir ki, özünü "boş" göstərsin və aldığı milyonlardan olsun.

Ciddi-ciddi bu adama inananlar da var ki, kişi iş görür. Əslində görür, amma futbolumuz üçün yox, öz gələcək karyerası üçün iş görür. Belə yerdə yaxşı deyiblər "Allah ömründən alıb, mənə calasın".

Yox-yox kişinin həyatı ilə işimiz yoxdur. 100 yaşasın! Amin demiyən dillər də lal olsun. Bizim işimiz onun ölkəmizdə məşqçilik ömrü ilə bağlıdır. Ki, ömrümüz boş-boşuna belələrinin şoularını izləməklə keçməsin!

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti