Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazinin Ukrayna yığmasından təklif aldığı haqda məlumat yayılıb.
Əslində, bu, ilk belə xəbər deyil.
Hansı ölkədə ki, yığma komandanın baş məşqçisi istefa verir, De Byazi mütləq oradan təklif alır. Özü də Azərbaycanın sabiq baş məşqçiləri ilə də belə olub.
Berti Foqts da Azərbaycan yığmasında çalışarkən saysız-hesabsız təkliflər alırdı. Amma Bakıdan ayrılandan sonra ona iş təklif edən olmadı.
Deməli, yığma komandada çalışan mütəxəssislərlə bağlı bu görünən “piar”ı kimlərsə sifariş verir.
Sportinfo.az-ın redaksiyası ilə əlaqə saxlayan veteran futbolçu Asəf Namazov da bu qənaətdədir.
"Neftçi"nin sabiq müdafiəçisi hesab edir ki, bunu edənlər AFFA-da oturanlardır. Onlar xaricdən gətirdikləri məşqçini urvata mindirmək üçün bu üsula əl atırlar:
“Canni De Byazini nəinki Ukraynaya çağırılar, onu Almaniya, İngiltərə, İspaniya da istəyir. Hələ Avropanın bir neçə nəhəng klubu da var ki, onlar da Canni De Byazini istəyirlər.
Amma nədənsə De Byazi böyük perspektivi olan bu yığmalardan və klublardan gələn təklifi qəbul etmir. Görəsən, niyə? Axı “yalanın ipi”ni hara qədər dartmaq olar? Qırılacaq axı bu ip əvvəl-axır”.
Veteran futbolçu hesab edir ki, AFFA-nın xaricdən gətirdiyi məşqçilər nəticə vermir, amma onlara milyonlar xərclənir. Bunu nəzərə alan AFFA rəsmiləri məcbur qalıb onların təbliğatı ilə məşğul olur:
“Belə görüntü yaratmaq istəyirlər ki, guya De Byazinin üstündə davadır, amma biz onu burada saxlamağı bacarmışıq. Niyə saxlayırsınız ki?
Buraxın getsin, Ukrayna yığmasında böyük uğurlar qazansın. Onun Azərbaycan yığmasında verdiyi nəticəni isə məşqçi olmadan da əldə etmək mümkündür”.
Asəf Namazov AFFA rəsmilərinə tövsiyə də verdi: “Artıq taktikanızı dəyişin. Bu, piar yox, “xiyar kompaniyası”dır.
Hər kəs sizin nə etdiyinizin fərqindədir. Canni De Byaziyə görə ölkəmizi gülünc duruma salmayın. Unutmayın ki, nə vaxtsa bunun hesabını verməli olacaqsınız”.

