"Ozobiç keyfiyyətli oyunçudur. Millinin baş məşqçisin istəyib, özü də razılıq verib. Bütün dünyada bu şeylər var".
Bu sözləri Sportinfo.az-a açıqlamasında "Qarabağ"ın xorvatiyalı futbolçusu Filip Ozobiçin milliləşdirilməsinə münasibət bildirən AFFA-nın Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov deyib.
Təcrübəli mütəxəssis milliləşdirmə ilə bərabər yerli oyunçuların da hazırlanmasını vacib hesab edir: "O mövqedə bizdə elə yerli oyunçu yoxdur. Amma hazırda əcnəbiləri milliləşdirməklə bərabər, yerli oyunçular da hazırlamalıyıq. Ozobiç hələ tam formada deyil. Sentyabrda milli komandanın oyunları olacaq. Ona kimi tam hazır olar".
Mircavadov Ozobiçin futbolçu keyfiyyətlərindən də söz açıb: "Hücumları dəyişmək, qol vurmaq, uzaqdan zərbələr onda var. "Qəbələ"də olanda daha yaxşı çıxış edirdi. Son illər "Qarabağ"da tez-tez zədə alır. O da düşünməlidir ki, milli komandaya oyununa görə dəvət edilib. Buna görə də hər zaman formada olmalıdır. Bunlar bir-biri ilə bağlı məsələlərdir".

