AFFA milliləşdirmək istədiyi daha 3 futbolçunu gözaltı etdi

10 İyul 2021 20:00 Milli komanda 2 148
AFFA milliləşdirmək istədiyi daha 3 futbolçunu gözaltı etdi

Koronavirus pandemiyası ilə əlaqədar milliləşdirmə prosesində ləngimə yaranan AFFA siyahısındakı oyunçuları izləməkdə davam edir.

Sportinfo.az xəbər verir ki apasport.az-ın əldə etdiyi məlumata görə, assosiasiya Rusiyada oynayan daha 3 futbolçunu gözaltı edib.

Konkret olaraq “Rubin”in dayaq yarımmüdafiəçisi Leon Musayev, “Krasnodar”ın vingeri Məhəmməd-Şəfi Süleymanov və “Ufa”nın hücumçusu Həmid Ağalarov Azərbaycanın gənclər və əsas yığması üçün milliləşdirilə bilər.

AFFA siyahısında yer alan hər üç oyunçu ilə təmasını davam etdirir.

22 yaşlı Leon Musayev “Zenit” akademiyasının yetirməsidir.

Ötən il Sankt-Peterburq klubunun heyətində Rusiya Premyer Liqasında 3, kubokunda isə 1 oyun keçirən Musayev hətta Çempionlar Liqasının qrup mərhələsində “Latsio” və “Brügge” ilə görüşlərdə də sonradan meydana daxil olub.

Bu ilin yanvarında “Rubin”ə transfer olunan və yeni komandası ilə 4,5 illik müqavilə bağlayan Leon keçən mövsüm Premyer Liqanın 10 görüşündə iştirak edib.

Rusiyanın aşağı yaş qrupu üzrə bütün yığmalarında mübarizə aparan Leon Musayev sonuncu dəfə 2019-cu ildə U-21-in formasını geyinib. Futbolçu müdafiənin mərkəzində də oynaya bilir.

Sağ vinger Məhəmməd-Şəfi Süleymanovun da 22 yaşı bu ilin dekabrında tamam olacaq. “Krasnodar”ın yetirməsi 2017-ci ildən əsas kollektivə cəlb olunur. Hücumun sol cinahında və mərkəzində də çıxış etmiş Süleymanovun Rusiya Premyer Liqasında aktivində 16 qol var. Avropa Liqasında 3 qolun müəllifi olan Məhəmməd-Şəfi ötən mövsüm Çempionlar Liqasının qrup mərhələsində “Sevilya” ilə görüşdə də fərqlənib. Gənc olmasına baxmayaraq, kifayət qədər təcrübəsi olan ön xətt oyunçusu Rusiyanın əsas millisindən başqa digər yaş qruplarının hamısına çağırılıb.

21 yaşlı mərkəz hücumçusu Həmid Ağalarov isə keçən ilin yanvarında yetirməsi olduğu “Anji”dən “Ufa”ya keçib. Bir il “Ufa”da oynadıqdan sonra bu ilin yanvarında 6 aylıq Astarxan “Volqar”ına icarəyə verilən forvard yenidən Premyer Liqa klubuna dönüb. “Anji” və “Ufa”nın heyətində elitada ümumilikdə 17 oyuna çıxan Həmid hələ ki, qol hesabını açmayıb. Futbolçu axırıncı dəfə keçən ilin əvvəlində Rusiyanın U-20 yığmasında çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti