14 ildə milli səviyyəli 14 nəfər yetişməyibsə… AFFA-nın səriştəsizləri bildiyini edir

7 İyun 2021 19:20 Milli komanda 1 082
14 ildə milli səviyyəli 14 nəfər yetişməyibsə… AFFA-nın səriştəsizləri bildiyini edir

Moldova yığmasını yenməyimiz nəyi dəyişəcəkdi ki?

Güclü olacaqdıq? Əsla!

Sadəcə, problemlərin üstünə pərdə çəkiləcək, məddahlar yalançı təriflərlə ictimaiyyəti aldadacaq, altdakı təzək üstünə vurulacaq bəzəklə gizlədiləcəkdi.

Hə, bir də futbolçular, məşqçilər, AFFA-nın məsul işçiləri 10-15 min mükafat alacaq, dövlət büdcəsindən daha yarım milyon manat havaya sovrulacaqdı. Bütün bunlar baş vermədiyi üçün bəlkə də sevinmək lazımdı. Milli komandanın uğursuzluğuna sevinmək yox, o məğlubiyyətin səriştəsiz idarəçiləri ifşa etdiyi üçün…

3 sınaq matçında 2 məğlubiyyət, xüsusilə Moldovaya uduzmaq faciə deyil, faciə dünənin, bugünün, sabahın uduzulmasıdı. Avropa çempionatı üçün zədədən qaçmağa çalışan Türkiyə millisinin futbolçularına qarşı nümayiş etdirilən baxımlı futbol aldadıcı idi. Bunu Belarusla görüşdə də hiss etmədik. Çünki rəqib ikinci heyətlə mübarizə apardı, start heyətindəki oyunçulardan yarıdan çoxunun yaşı 2-in altında idi. Təcrübəsiz, yeni komplektləşən heyət üzərində qələbənin davamı gəlsəydi, sabitlik işartıları görünsəydi, ümidlənərdik. Ancaq…

267 gündən bir qələbə qazanan komandayla heç nəyə ümid etmək olmaz. Həm də bu seriya qitənin ən zəif yığmalarına qarşı oyunlarında qeydə alınıb.

Canni de Byazinin bir ildi qurmaq istədiyi komandanın nəticəsi məhz belədi. Belaruslu gənclər üzərində qələbə təsadüf, rəqibin zəifliyinin, oyuna barmaqarası yanaşmasının nəticəsi idi.

12 oyunda ən zəif millilər üzərində 2 qələbəyə görə italiyalıya 1 milyon avro verilməməlidi, o vəsait uşaq futboluna yönəldilməlidi. Çünki futbolçu yetişdirmirik, ancaq milliləşdirməklə məşğuluq.

Moldova ilə oyunun start heyətində meydanda başqa ölkələrin yetirməsi olan 7 futbolçu var idi:

Mehti Canetov – Rusiya

Bədavi Hüseynov – Rusiya

Anton Krivotsyuk – Ukrayna

Höccət Haqverdi – İran

Emin Mahmudov – Rusiya

Aleksey İsayev – Rusiya

Ramil Şeydayev – Rusiya

Əvəzetmədən daha ikisi oyuna daxil oldu:

Anatoli Nuriyev – Ukrayna

Rüstəm Əhmədzadə – Ukrayna

Şans qazanmayan gəlmələr də oldu:

Elvin Bədəlov – Rusiya

Murad Xaçayev – Rusiya

Rəhim Sadıxov – Rusiya

Əli Qurbani – İran

Bu oyunçuların içində farsı da var, ukraynalısı da, rusu da, amma əksəriyyəti qan xəttiylə Azərbaycana bağlıdır. Deməli, azərbaycanlı futbol oynaya bilir, sadəcə, Azərbaycanda yetişdirilmir.

Baş qarışıb pul qazanmağa, əsas iş yaddan çıxıb. 14 ildə milli səviyyəli 14 nəfər yetişməyibsə, deməli, günah qılıncda deyil, o qılıncı tutan biləkdədi.

Deyək ki, sabah seçmə mərhələdə təsadüfi bir qələbə qazandıq – bu, nəyi dəyişəcək? 3, 4, 5 xalla hətta sonuncu pillədən qurtulmaq olmur. Son 5 qələbəsini cırtdan Andorra üzərində qazanan Moldovaya uduzmaq biabırçı tablonun ən tünd rənglərini göz önünə sərir.

Bizim oynadığımız futbol deyil. İllərdi strategiyanın, baxışın, yanaşmanın yanlış olduğunu deyirik, AFFA-nın səriştəsizləri isə bildiyini edir.

Ölkədə idmanın inkişafına cavabdeh olan cənablar, belə mənzərə zövqünüzü oxşayırsa, izləməyə davam edin (futbolinfo).

Digər Xəbərlər
Xəbər Lenti