AFFA Sportinfo.az-ın mayın 27-də yaydığı xəbərlə bağlı millidə araşdırmaya başlayıb.
Söhbət «De Byazinin bu tələbi futbolçuları hiddətləndirdi, AFFA tərəf tutdu - XOŞAGƏLMƏZ OLAY» başlıqlı məlumatdan (https://www.sportinfo.az/idman_xeberleri/milli_komanda/115095.html) gedir.
Burada qeyd olunurdu ki, Türkiyə ilə yoxlama matçı (2:1) öncəsi baş məşqçi Canni De Byazi ilə futbolçular arasında qalmaqal yaşanıb.
İtalyan çalışdırıcı komanda üzvlərindən aqressiv olmağı, ikili mübarizələrdən çəkinməməyi tələb edib. De Byazi oyunun yoldaşlıq görüşü mahiyyəti daşımasına baxmayaraq, onlardan nəticə istəyib.
Başqa sözlə, baş məşqçi dünən mətbuat konfransında səsləndirdiyi fikirləri paltardəyişmə otağında da təkrarlayıb: "Rəqibə çətinlik yaşatmaq üçün əlimizdən gələni edəcəyik ".
De Byazinin fikirləri kollektiv tərəfindən birmənalı qarşılanmayıb. Hətta onlardan bir neçəsi baş məşqçinin tələbinə qarşı çıxıb, sərt və kobud oyuna üstünlük verməyəcəklərini bildiriblər.
Futbolçular onların AVRO-2020-nin final mərhələsinə hazırlaşdığını xatırladıb, “ay-ulduzlular”a rəqib deyil, qardaş gözüylə baxdıqlarını deyib.
Düşərgədə belə bir fikir formalaşıb ki, De Byazini İtaliya yığması daha çox düşündürür. Axı Şenol Günəşin komandası AVRO-2020-nin final mərhələsində apenninlilərlə bir qrupa düşüb və ilk oyun elə onlar arasında keçiriləcək.
De Byazi yaranmış vəziyyət barədə AFFA mənsublarına şikayətlənib. Daha sonra federasiya rəsmiləri baş məşqçidən narazi futbolçularla söhbətləşib və qəti xəbərdarlıq edib: “De Byazi sizə nə tapşırıq veribsə, ona da əməl eləyin”.
Alanyada təşkil olunan matç yaxdıqlarımızı təsdiqlədi: 90 dəqiqə sərt və kobud mücadilənin şahidi olduq. Türkiyə millisinin qapıçısı Altay Bayındır sıradan çıxdı.
23 yaşlı qolkiper 72-ci dəqiqədə Əli Qurbani ilə girdiyi ikili mübarizədə zədələndi. "Fənərbağça"lı hücumçumuz ilə üzbəüz epizodda ayağından xəsarət alaraq, meydanı tərk etdi.
Bundan başqa, 81-ci dəqiqədə Təmkin Xəlilzadə Halil Akpınara qarşı kobud oynayaraq rəqibini zədələdi. Akpınar meydandan xərəkdə çıxdı, onu isə Ozan Tufan əvəzlədi.
Yerli media və sosial şəbəkələr qarşılaşmanın içində yaşananlara geniş yer ayırıb. Çoxsaylı status və şərhlərdə matçın öz ruhundan kənara çıxmasından bəhs olunub, tənqidlər səsləndirilib.
AFFA rəhbərliyi də məhz elə bunlardan narahatdır. Və araşdırmağa başlayıblar ki, bu xəbər matçdaan öncə saytımıza necə sızıb. Futbolçulardan və texniki personalda çalışanlardan bir neçəsi bu məqsədlə sorğulanıb.
De Byazi də düşərgədə baş verən hadisələrin mətbuata çıxmasıından və ictimailəşməsindən əndişələnib, federasiya rəsmiləri və köməkçiləri ilə söhbətində bunu «yolverilməz hal» adlandıırıb.

