"Öncə bildirmək istərdim ki, Türkiyə Futbol Federasiyasına və türk millətinə təşəkkür, vəfa borcumuz var.
Burada olmağın sevincini yaşayırıq. Türkiyə ilə görüş bizim üçün xüsusi önəm kəsb edir.
Burada məğlub komanda olmayacaq. Arzu edirəm ki, ən yaxşı hazırlıq matçlarından biri olacaq".
Sportinfo.az xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin futbolçusu Qara Qarayev Türkiyə ilə yoldaşlıq matçından öncə mətbuat konfransında deyib.
29 yaşlı yaımmüdafiəçi bildirib ki, bu oyun yoldaşlıq, dostluq yox, qardaşlıq görüşüdür: "Nəticəsi necə olursa-olsun, itirəcək bir şeyimiz yoxdur.
İstər Türkiyə, istər Azərbaycan millisi qalib gəlsin, fərqi yoxdur, son nəticədə hamımız qazanacağıq. Heyətdə zədəli futbolçumuz yoxdur.
Hər oyunda məqsədimiz qələbədir. Bizi maraqlı oyun gözləyir. Yoldaşlıq görüşləri seçmə mərhələ oyunlarına hazırlıq baxımından önəmlidir".
Qarayev Türkiyə millisi barədə də fikirlərini bölüşüb: "Bu komanda haqqında ən yaxşı sözləri deyə bilərəm.
Avropa çempionatında oynamadığımız vaxtlarda daim Türkiyə millisinin yanında olmuşuq.
Düşünürəm ki, "ay-ulduzlular"da aqressiya, əzmkarlıq, yaxşı baş məşqçi var. Hazırkı komanda daha gəncdir və yaxşı komplektləşib".
Mayın 27-də Alanyadakı Oba stadionunda keçiriləcək Türkiyə - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

