“Deyə bilmərəm ki, mənə verin, özüm vuracam, nə vaxt millinin lideri olsam…”

1 Aprel 2021 17:00 Milli komanda 800
“Deyə bilmərəm ki, mənə verin, özüm vuracam, nə vaxt millinin lideri olsam…”

Sportinfo.az Azərbaycan millisinin və "Minay”ın (Ukrayna) hücumçusu Anatoli Nuriyevin müsahibəsini təqdim edir:

- DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisinin formasını geyindiniz. Yığmadakı debütünüzü necə dəyərləndirərdiniz?

- Yığmada debüt etdiyim üçün emosiyalarım müsbət olsa da, nəticələr məyusedicidir. Amma hesab edirəm ki, Portuqaliya və Serbiya güclü komandalardır. Meydanda çox çalışdıq. Ən azı heç-heçə etmək, hətta qələbə qazanmaq üçün əlimizdən gələni etdik. Xüsusilə Serbiya ilə matçda üç 100 faizlik qol imkanımız oldu. Onları qola çevirsəydik, qalib də gələ bilərdik.

- Milli üzvləri sizi necə qarşıladı?

- Çox yaxşı. Hamısı əla oğlanlardır. Münasibət xoşuma gəldi. Qapıçı Şahruddin Məhəmmədəliyevlə dərhal yaxşı münasibət qurduq. Emin Mahmudovla da sözümüz tutdu.

- Dünyanın ən yaxşı futbolçularından biri olan Kriştianu Ronalduya qarşı oynadınız. Həyəcan var idi?

- Oyun vaxtı heç bir xüsusi hiss olmadı. Amma Ukraynaya qayıtdıqdan sonra şüur yerinə gəlir və düşünürsən ki, dünyanın ən güclü futbolçularından birinə qarşı oynamısan. Həqiqətən ona qarşı mübarizə aparmaq çox xoş oldu. Yalnız yaxşı hisslər keçirirəm.

- Yığmanın oyunlarından sonra baş məşqçi Canni De Byazi ilə danışdınız?

- Ayrıca söhbətimiz olmadı. Bütün komandaya təşəkkür etdi, yaxşı mübarizə apardığımızı və məğlubiyyətə layiq olmadığımızı söylədi.

- Ukraynada penalti ustası kimi tanınırsınız. Amma Qətər və Serbiya ilə matçlarda 11 metrlik zərbələri siz yox, Ramil Şeydayevlə Emin Mahmudov yerinə yetirdi. Qətərlə oyunda penaltini özünüz qazansanız da, penalti nöqtəsinə Şeydayev yaxınlaşdı...

- Milli komandada yeniyəm. Mənədək penaltini başqaları yerinə yetirib. Onlara deyə bilmərəm ki, topu mənə verin, penaltini özüm vuracağam. Hər şeyin öz vaxtı var. Nə vaxt komandanın lideri olsam, daha doğrusu, yığmaya xeyir versəm, düşünürəm ki, onda penaltini yerinə yetirməyi mənə etibar edərlər. Üstəlik, Emin Mahmudov da bu zərbələrin mahir ifaçısıdır. Azərbaycana gələnədək bütün penaltiləri qola çevirib

- Amma nəzərə alaq ki, siz də "Minay"ın liderisiniz, eyni zamanda kapitan sarğısını daşıyırsınız...

- Belə deməzdim. Ən yaxşısı, yarıkapitan. Sadəcə, baş məşqçi bəzi oyunlarda sarğını mənə havələ edir.

- Yığmadan komanda yoldaşınız Aleksey İsayevin sosial şəbəkədəki paylaşımına şərh yazan erməni dostunu "qardaş" adlandırmasına münasibətiniz necə oldu?

- Bunu şərh etmək istəmirəm. Fikrimcə, mən tərəfdən nə isə demək düzgün olmaz. Bu, onun öz işidir. Ən yaxşısı, özündən soruşun.

- Azərbaycandan təklif olsa, qəbul edərsiniz?

- Bilmirəm. Nə vaxtsa təklif gəlsə, nəzərdən keçirmək olar. İndi bu barədə danışmaq çətindir.

- "Minay" Azərbaycan Premyer Liqasında hansı yerlər uğrunda mübarizə apara bilər?

- Açığı, Azərbaycan çempionatını elə də diqqətlə izləmirəm. Bütün oyunlara baxmıram. Prinsipcə, Ukrayna çempionatının da bütün görüşlərini izləmirəm. Azərbaycan futbolunun səviyyəsini bilmirəm. Ona görə də fikir bildirmək istəmirəm (report).

Digər Xəbərlər
Xəbər Lenti