Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək.
Sportinfo.az xəbər verir ki, yığmamız 2021-ci ildə ilk ev oyununa çıxacaq.
Millimiz DÇ-2022-nin seçmə mərhələsində Serbiya ilə qarşılaşacaq. Bakı Olimpiya Stadionundakı görüş komandamızın tarixində 266-cı qarşılaşma olacaq.
İlk görüşünü 1992-ci il sentyabrın 17-də Gürcüani şəhərində Gürcüstan yığmasına qarşı oynayıb, 3:6 hesabı ilə uduzan komandamız indiyədək 265 matça çıxıb. Hesabında 50 qələbə və 73 heç-heçə olan yığma 142 dəfə uduzub. Əvvəlki 265 qarşılaşmada 195 qol vuran futbolçularımız 439 top buraxıb.
Serbiya ilə qarşılaşma rəsmi turnirlərdə 140-cı matç olacaq. Dünya və Avropa çempionatlarının seçmə mərhələləri və Millətlər Liqasında 139 oyuna çıxan komanda indiyədək 16 qələbə qazanıb və 30 heç-heçə edib.
Milli indiyədək 93 dəfə uduzub. Rəqib qapılarına 79 qol vuran futbolçularımız indiyədək 280 top buraxıb.
Bu qarşılaşmalardan 69-u evdə keçirilib. 70-ci dəfə rəsmi xarakterli görüşü öz meydanında keçirəcək yığmamız 12 qələbə qazanıb, 20 heç-heçə edib və 37 dəfə uduzub. 52 qola sevinən futbolçularımız 99 top buraxıb.
Bu, millimizin baş məşqçi Canni de Byazinin rəhbərliyi altında yubiley - 10-cu sınağı olacaq. İtaliyalı çalışdırıcı ilə keçirilən əvvəlki 9 matçda komandanın hesabında 1 qələbə, 4 heç-heçə və 4 məğlubiyyət var. Futbolçularımız bu görüşlərdə cəmi 3 dəfə fərqlənibsə, rəqiblər 7 qola sevinib.
Onun rəhbərliyi altında keçirilən 7 rəsmi xarakterli görüşdə 1 qələbə, 3 heç-heçə və 3 məğlubiyyət qeydə alınıb. 2 qol vuran yığma 5 top buraxıb.
Bu, millimizin 206 gündən sonra Bakıya qayıdışı olacaq. Sonuncu dəfə ötən il sentyabrın 5-də Lüksemburqla görüşən (1:2) yığma sonrakı ev oyunlarını ölkə xaricində keçirib.
Komandamız son qələbəsini isə 203 gün öncə Kiprlə matçda əldə edib. Sentyabrın 8-də milli səfərdə 1 qola sevinib. 7 oyundur qalib gələ bilməyən milli 3 heç-heçə edib və 4 dəfə uduzub (apasport.az).
Azərbaycan – Serbiya matçı saat 20:00-da başlayacaq.

