Elxan Məmmədov millinin paltardəyişmə otağında nə vəd verib? - AFFA indi bunu danır

28 Mart 2021 21:20 Milli komanda 2 326
Elxan Məmmədov millinin paltardəyişmə otağında nə vəd verib? - AFFA indi bunu danır

Dünya çempionatının seçmə mərhələsinin A qrpunda Portuqaliyaya səfərdə 1:0 hesabı ilə məğlub olması Azərbaycan millisinin ətrafında söz-söhbətlərə səbəb olub.

Maksim Medvedevin öz qapısına vurduğu qolla pirineylilərə uduzan Canni De Byazinin komandasının oyununu bəyənənlər də oldu, tənqid edənlər də.

Yenilgiyə baxmayaraq, AFFA millinin üzvlərinə mükafat verməyi qərara alıb. Bu qərar icraçı vitse-prezident Elxan Məmmədov tərəfindən verilib.

Onun tapşırığı ilə hər futbolçuya 10 min manat ödəniləcək. Mükafat Qətərlə beynəlxalq yoldaşlıq görüşünə çıxan komandanı ruhlandırmaq üçün ayrılıb.

AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla Sportinfo.az-ın yaydığı xəbərə münasibət bildirib. Qurum rəsmisi “Futbol+”ə açıqlamasında deyib:

“2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının seçmə mərhələsi çərçivəsində İtaliyanın Turin şəhərində keçirilmiş Portuqaliya - Azərbaycan oyunundan sonra yığma komandamızın oyunçularına AFFA rəhbərliyi tərəfindən mükafat verilməsi və ya məğlubiyyətə görə mükafat vədi verilməsi ilə bağlı yayılan informasiyaların heç bir əsası yoxdur.

Ümumiyyətlə, bu barədə müzakirə aparılmayıb. İndiyə qədər AFFA tərəfindən mətbuata da dəfələrlə bildirilib ki, milli komandaların oyunları ilə bağlı mükafat verilməsinin özünün xüsusi protokolu mövcuddu.

Həmin protokola əsasən yığma komanda heç-heçə oynayarsa və ya qələbə qazanarsa, komanda üzvlərinə mükafat nəzərdə tutulur”.

Firuz Abdullanın təkzibi heç nəyi dəyişmir və yaydığımız xəbərin doğruluğunu şübhə altına almır. Görünür, AFFA rəhbərliyi press-ateşeni heç də hər şeydən vaxtında xəbərdar etməyi lazım bilmir.

Ya da o, bu kimi məsələləri dəqiqləşdirməyi artıq iş hesab edir. F.Abdullanın faktdan xəbəri olsaa belə, bunu təsdiqləməmək haqqı var.

Çünki bu tip xəbərlərin çıxması, adətən, AFFA-ya xeyir eləmir, onların hansısa planının deşifrə olunmasından narahatlıq keçirirlər. Belə də ki, o, dediyində qalsın, biz də bildiyimizi bilirik və onu oxucularmızın diqqətinizə çatdırmağı özümüzə borc sayırıq.

Xəbəri dünən tirajlayandan sonra millinin bir neçə futbolçusu redaksiyamızla əlaqə saxlayaraq, həqiqətən belə bir məsələnin gündəmdə olduğunu söyləyib.

Onların sözlərinə görə, mükafat söhbəti Turində – Portuqaliya ilə matçdan dəqiqələr sonraya təsadüf edib. Belə ki, Elxan Məmmədov paltardəyişmə otağına gələrək, AFFA rəhbərliyinin komandanın əzmkarlığından razı qaldığını bildirib.

İcraçı vitse-prezident məğlubiyyətin onları ruhdan salmaması və Qətərlə qarşılaşmaya daha istəkli çıxmaları üçün mükafat təyin etdiklərini vurğulayıb.

Futbolçuların dediyinə görə, E.Məmmədovun söylədikləri kollektiv tərəfindən gözlənilməz hal kimi qarşılanıb.

Hətta baş məşqçi Canni De Byazi və onun italiyalı köməkçiləri AFFA rəhbərinin mükafatla bağlı açıqlamasına təəccüblənib. Yardımçılardan biri oyunçularla söhbətdə ilk dəfə belə bir halla qarşılaşdığını etiraf edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti