Demə, daxili ab-havanı korlamışıq, məğlubiyyətin günahkarı bizik...

28 Mart 2021 15:00 Milli komanda 1 461
Demə, daxili ab-havanı korlamışıq, məğlubiyyətin günahkarı bizik...

Hər yeni seçmə mərhələdə azarkeşlər milliyə ümidlə baxır.

Neyləsinlər, Azərbaycan adını daşıyır axı komanda.

Əslində, bu, bir qrup futbol funksionerinin yığmasıdır. Futbol oynamaq əvəzinə oyuncağa çevrilib.

Dəstək kampaniyaları da yerindədir. Hər dəfə bir bəhanə tapılır. Bəxt də yaxşı şeydir. İki qitə çempionları ilə ard-arda oynamaq hər yığmanın işi deyil.

Nə olsun, uduzublar? Udmalıydılar ki?

Kim necə başa düşür, düşsün. Acı zarafat bir yana. İlk matç Poltuqaliyaya qarşı idi. Heç kim qələbə yox e, heç-heçə də gözləmirdi. Rəqibin gücünü hamı bilir.

Şahruddinin hesabına üzüağ məğlubiyyətlə canlarını qurtardılar. Bəh-bəh, bəy tərifləri başladı.

Day demə, millimiz Avropanın ən gənc komandasıdır, orta yaş quyruqlu 25-dir. Ay kişilər, Portuqaliyanın heyətində 18 yaşlı uşaq oynayırdı e.!

Yazıqlar neyləsinlər, futbolçuları yoxdur, məcbur olub, 36 yaşında Ronaldonu da oynadırlar. Ay bala, nə vaxtdan Avropada 24-25 yaşlı futbolçular gənc sayılır?

Qətər də bu tərəfdən… Gül kimi camaatı fırladırdılar. Hələ Aleksey İsayevi oyuna buraxıb "yesəz də budur, yeməsəz də" dağını çəkdirirlər. Amma çox çəkmədi, Qətərdən özləri yedilər.

Millidə və onun ətrafında özbaşınalıq, cəzasızlıq baş alıb.

Hələ Canni De Byazi futbolçuların fiziki durumdan şikayət edir. 10 gün futbolçiları təlimə toplamısan, asiyalılarla matçda start heyətində meydana çıxanların da 10 nəfəri yenidir.

Heç Qətərin legioner futbolçusu da yoxdur, hamısı daxili çempionatda çıxış edir. İndi gör, Azərbaycan futbolu nə gündədir! Qətər komanda oyununda millimizə dərs keçirdi.

Hə, onlar da çempiondurlar axı, binəvalar neyləsinlər?

AFFA da yazılarımıza təkzib verməklə məşğuldur. Demə, daxili ab-havanı korlamışıq, məğlubiyyətin günahkarı bizik. Utanmasalar, deyərlər, erməninin təbrik paylaşımını da biz etmişik.

Həya-abır yaxşı şeydir. Gedin, futbolunuzu oynayın. Bacarırsızsa.

Bacardığınız ancaq dağıtmaqdır.

Qurub-yaratmaq hər oğulun işi deyil. Gedin kos-kosonuzu oynayın!

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti