Sportinfo.az xəbər verir ki, Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət yığma yoldaşlıq görüşlərində qüvvəsini sınayıb.
Martın 20-də “Qarabağ”la qarşılaşan U-21 4:2 hesablı qələbə qazanıb.
Rüfət Abdullazadənin dubl etdiyi oyunda U-21-in digər qollarını Vüsal Əsgərovla Şakir Seyidov vurub. Ağdamlıların heyətində isə Sərxan Fərəcov 2 qolun müəllifi olub.
Milan Obradoviçin komandası 4 gün sonra premyer-liqanın lideri “Neftçi”ylə münasibətləri aydınlaşdırıb. Bir neçə əsas oyunçusunun yığmaların düşərgəsində olmasına baxmayaraq, flaqman rahat qələbə qazanıb.
“Neftçi” ilk hissədə matçın taleyini həll edib. Mirabdulla Abbasov, Keysuke Honda və Sabir Buqrin “ağ-qaralar”ın qollarına imza atıb. U-21-in təsəlli qolunu penalti ilə Musa Qurbanlı vurub - 3:1.
Birinci divizion təmsilçisi “Qaradağ Lökbatan”la qarşılaşma 3:3 hesabı ilə başa çatıb. U-21-in qollarını Veysəl Rzayev, Vüsal Əsgərov və Ədilxan Qarəhmədov vurub. .
Bu qarşılaşmalar U-21-ə nə verdi? Obradoviç komandanın oyunundan razı qalıbmı? Serbiyalı mütəxəssis suallarımızı belə cavabladı (Futbol+):
“Qısa müddətdə iki oyun keçirdik. “Qarabağ”ı məğlub etsək də, “Neftçi”yə uduzduq. Hər iki qarşılaşmanı təhlil etmişik. Qalan 2 oyuna bunların əsasında hazırlaşırıq.
Hər iki matçda fərqli oyun nümayiş etdirdik. Oyunçularımın 70 faizi “Qarabağ” və “Neftçi” kimi rəqiblərlə qarşılaşmamışdılar.
Bu matçlar qarşıdakı rəqiblərin ciddiyətini anlamaq baxımından onlar üçün şans idi. “Qarabağ”la görüşdə əlimizə düşən bütün şanlardan istifadə etdik.
Lakin “Neftçi” ilə oyunda belə olmadı. Düzdü, flaqmanla oyunun ilk hissəsində çox epizod yarada bilmədik. Amma fasilədən sonra azı 3 real qol vəziyyətini əldən verdik.
Hücum baxımından “Qarabağ”la görüşdə mükəmməl oynadıq. Lakin “Neftçi” ilə qarşılaşmada yaxşı deyildik. Müqayisə etsək, “Qarabağ”la matçın ilk hissəsində çox enerjili və istəkliydik.
Performansa görə komandamdan razı qaldım. Lakin ikinci hissədə özümüzü yaxşı tərəfdən göstərə bilmədik. “Neftçi” ilə oyunda isə hər şey tərsinə oldu.
Komandamın ilk hissədəki performasından heç razı qalmadım. İkinci yarıda isə özümüzü yaxşı tərəfdən göstərə bildik.
Samir Abasovun komandası ilə oyundan öncə həm avtobusda, həm də paltardəyişmə otağında futbolçularıma demişdim ki, bu rəqibə qarşı diqqətli oynamalıyıq.
“Neftçi”nin futbolçularının hamısı diqqətəlayiqdi. Onlar ilk hissədə bizimlə yoldaşlıq oyununda oynayırmışlar kimi çıxış etmədilər.
Flaqmanın üzvləri sanki çempionatda hansısa rəqibə qarşı mübarizə aparırdılar. Onların topla davranışları fərqli, dəyərləndirə bilmədikləri epizodlara reaksiyaları çox aqressiv idi.
Sanki Çempionlar Liqasında mübarizə aparırdılar. Qırmızı və iki sarı vərəqə almaları bunun bariz sübutu idi. Rəqib çox istəkli və aqressiv oyun nümayiş etdirirdi.
Bu, bizim üçün çox yaxşı idi. “Qarabağ”la oyun həm nəticə, həm də performans baxımından bizə çox yaxşı təsir edəcək. Futbolçularımla söhbətdə də bildirdim ki, uğur qazanmaq istəyiriksə, ən azı “Neftçi” kimi oynamalıyıq.
Bəli, “Qarabağ”la oyun bizə çox yaxşı motivasiya verdi. Amma flaqmanla da ilk hissədə Ağdam klubuna qarşı oynadığımız kimi mübarizə aparmalıydıq”.

