Azərbaycan millisi beynəlxalq yoldaşlıq oyununda qüvvəsini sınayıb.
Sportinfo.az xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu komanda Qətər yığması ilə üz-üzə gəlib.
Bu, millinin 2021-ci ildəki ilk yoldaşlıq görüşü olub. Macarıstanın Debretsen şəhərindəki "Nadyerdeyi" stadionundakı qarşılaşma rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
16-cı dəqiqədə ərəb futbolçu Məhəmməd Vaad cərimə meydançasında Anatoli Nuriyevə qarşı kobud oynayıb.
Slovakiyalı baş hakim İvan Krujlyak Qətərin qapısına penalti təyin edib. Ramil Şeydayev 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. Beləliklə, komanda 6 görüşdən sonra qol vurmağa müvəffəq olub.
54-cü dəqiqədə isə referi Sertan Taşqının rəqibi itələdiyini əsas gətirərək şübhəli penalti təyin edib. Hassan Əl Haydos dəqiq zərbə ilə hesabı bərabərləşdirib. Hücumçu 3 dəqiqə sonra uzaq məsafədən baxımlı qola imza ataraq komandasını önə keçirib.
Görüş millinin iki üzvü üçün əlamətdar olub. "Qarabağ"ın qapıçısı Emil Balayev komandanı ilk dəfə kapitan kimi meydana çıxarıb. "Zirə"nin futbolçusu Sertan Taşqın isə yığmada debüt edib.

