“Qrupda keçirəcəyimiz hər oyun bizim üçün əhəmiyyətlidir.
Azərbaycan millisi Portuqaliya ilə matçda yaxşı oyun nümayiş etdirdi. Gənc və istedadlı futbolçulara malik olduqlarını bilirik".
Sportinfo.az xəbər verir ki, bu fikirləri Qətər millisinin baş məşqçisi Feliks Sançes Azərbaycana qarşı keçirəcəkləri beynəlxalq yoldaşlıq oyunu haqda deyib.
46 yaşlı mütəxəssisin sözlərinə görə, Azərbaycan seçməsi fiziki cəhətdən daha yaxşı təsir bağışlayır:
"Ancaq hər oyunun ssenarisi eyni olmur. Bizi çətin qarşılaşma gözləyir. Futbolçularımızı inkişaf etdirmək, yüksək səviyyəyə çatdırmaq üçün qrupda keçirəcəyimiz hər oyun bizə əlavə təcrübə qazandıracaq.
Düşünürəm ki, ilk oyunda – Lüksemburq yığması ilə görüşdə futbolçularım çox yaxşı oynadılar. Yenə müdafiədə diqqətli olmalı, daha çox hücum futbolu nümayiş etdirməliyik.
Görüşə tam hazırıq. Bu cür matçlar heyətdə eksperiment aparmaq baxımından məşqçilər üçün də fürsətdir".
Martın 27-də Macarıstanın Debretsen şəhərindəki "Nadyerdeyi" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
UEFA Qətər yığmasını Azərbaycan, Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqun yer aldığı A qrupuna daxil edib. Asiya çempionu ilə matçlar hazırlıq xarakteri daşıyacaq.

