"Millidə necə qarşılanacağımı, məni nələrin gözlədiyini bilmirdim"

27 Mart 2021 16:20 Milli komanda 748
"Millidə necə qarşılanacağımı, məni nələrin gözlədiyini bilmirdim"

"Milliyə dəvət almaq, bu formanı geyinmək hər bir futbolçunun arzusudur.

Sportinfo.az xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin futbolçusu Toral Bayramov bu gün Qətər yığmasına qarşı keçirəcəkləri beynəlxalq yoldaşlıq oyunundan əvvəl federasiyanın rəsmi saytına açıqlamasında deyib.

"Qarabağ"da çıxış edən və yığmaya ilk dəfə dəvət alan gənc yarımmüdafiəçi bunları söyləyib:

"Mən aşağı yaş qrupu üzrə millilərdə də oynamışam. O yığmalarda ab-hava tam fərqli olurdu.

Hamısı öz yaş qrupumuza aid, birlikdə futbol oynadığımız uşaqlar idi, hamı biri-birini tanıyırdı, bir qədər sərbəstlik vardı.

Əsas millidə isə vəziyyət tam fərqlidir. Hətta ilk günlər A millidə necə qarşılanacağımı, məni nələrin gözlədiyini bilmirdim.

Komandada hamı məni çox pozitiv qarşıladı. Sanki daha əvvəllər birlikdə oynamışıq. Bizim kimi gənc oyunçulara fürsət verdiyi üçün Canni De Byaziyə təşəkkürümü bildirirəm.

Debüt edəcəyim oyunu səbirsizliklə gözləyirəm. Həyəcanlı olduğumu deyə bilmərəm, ümumiyyətlə, hansısa oyunda həyəcan keçirdiyimi xatırlamıram”.

Martın 27-də Macarıstanın Debretsen şəhərindəki "Nadyerdeyi" stadionunda keçiriləcək Qətər - Azərbaycan matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

UEFA Qətər yığmasını Azərbaycan, Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqun yer aldığı A qrupuna daxil edib. Asiya çempionu ilə matçlar hazırlıq xarakteri daşıyacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti