"Rəqib yaxşı komandadır".
Sportinfo.az xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin hücumçusu Amil Yunanov bu gün Qətər yığmasına qarşı keçirəcəkləri beynəlxalq yoldaşlıq oyunundan əvvəl federasiyanın rəsmi saytına açıqlamasında deyib.
"Səbail"li forvard görüşə ciddi yanaşdıqlarını vurğulayıb: "Məşqlərdə əsasən taktiki çalışmalara üstünlük veririk.
Əsas çatışmazlığımız yaratdığımız imkanlardan yetərincə istifadə edə bilməməyimizdir. Baş məşqçi hücumda nə etməli olduğumuzu deyir.
Bir hücumçu kimi həm taktiki, həm də fiziki cəhətdən hazır olmağa çalışıram ki, əsas heyətdə yer alım.
Amma etiraf etmək lazımdır ki, hücum xəttində yer alan Mahir Emreli, Əli Qurbani, Ramil Şeydayev kimi futbolçularla rəqabət aparmaq elə də asan deyil.
Ona görə istər oyunlarda, istərsə də məşqlərdə maksimum çalışmaq lazımdır ki, rəqabətə tab gətirə biləsən. Oynamaq imkanı əldə edərəmsə, özümü sübut etməyə çalışacam”.
Martın 27-də Macarıstanın Debretsen şəhərindəki "Nadyerdeyi" stadionunda keçiriləcək Qətər - Azərbaycan matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
UEFA Qətər yığmasını Azərbaycan, Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqun yer aldığı A qrupuna daxil edib. Asiya çempionu ilə matçlar hazırlıq xarakteri daşıyacaq.

