"Hər matça necə hazırlaşırıqsa, Qətər millisi ilə görüşə də elə hazırlaşırıq.
Rəqibin oyununu izləmişik. Baş məşqçi necə oynamaq lazım olduğunu bizə izah edib".
Sportinfo.az xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin futbolçusu Şəhriyar Əliyev bu gün Qətər yığmasına qarşı keçirəcəkləri beynəlxalq yoldaşlıq oyunundan əvvəl federasiyanın rəsmi saytına açıqlamasında deyib.
"Keşlə"də çıxış edən 29 yaşlı müdafiəçi yaxşı nəticə qazanmaq istədiklərini bildirib: "Bu oyun həm də digər futbolçuların oynamaları, təcrübə qazanmaları baxımından yaxşı fürsətdir.
Millidə hər mövqedə ciddi rəqabət var. Bu rəqabət müdafiə xəttində xüsusillə fərqlənir. Təbii ki, rəqabət olan yerdə inkişaf olur.
Millidə oynamaq şərəfdir. Baş məşqçi şans verəcəyi təqdirdə özümü sübut edib, əsas heyətin üzvü olmağa çalışacam”.
Martın 27-də Macarıstanın Debretsen şəhərindəki "Nadyerdeyi" stadionunda keçiriləcək Qətər - Azərbaycan matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
UEFA Qətər yığmasını Azərbaycan, Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqun yer aldığı A qrupuna daxil edib. Asiya çempionu ilə matçlar hazırlıq xarakteri daşıyacaq.

