"Aleksey İsayevlə bir komandada oynamışıq".
Bu sözləri Sportinfo.az-a açıqlamasında "Sumqayıt"ın yarımmüdafiəçisi Elvin Məmmədov deyib.
Millimizin sabiq üzvü keçmiş komanda yoldaşının məlum paylaşımına belə reaksiya verib:
"Artıq ona milli komandada oynamaq üçün Azərbaycan pasportu vermişik. Bu da başqa bir mövzudur. Unutmayaq ki, bu adam Rusiyada böyüyüb. Həmin adamla əlaqəsi olub.
Biz nə desək belə həmin adamla əlaqəsi yenə olacaq. Niyə belə yazıb, niyə belə elədi deyə bu gün biz çox danışa bilərik. Amma bununla məsələ qurtarmayacaq".
Təcrübəli futbolçu "hazırda milli komandanın heyətində olsaydın hansı addımı atardın" sualını isə belə cavablayıb:
"Dost-tanışları var və bu, belə də davam edəcək. Ölkəsinə gedəndə yenə onunla görüşəcək. Bəli, mən də olanlardan narazıyam.
Amma unutmaq olmaz ki, bu adama biz gətirib pasport vermişik. Araşdırılmışdı ki, onun erməni dostu ola bilər, ya yox?
Bu barədə danışmaq bir az ucuz gəlir. Çünki danışmağımız boşunadır. Bəlkə də ölkəmiz üçün həssas dönəm olduğunu düşünmür. Və ya düşünürsə də mənim üçün bu belədir deyə fikirləşir.
Millinin heyətində olsam, yaxınlaşıb deyərdim ki, ölkəmiz üçün həssas dönəmdir. Belə şeylərə ehtiyac yoxdur. Öz şəxsində yazışsan bu heç kimə maraqlı deyil.
Amma bunun içtimailəşməsi pis çıxır. Bu işlə məşğul olan şəxslər var. Yəqin ki, bundan sonra bu mövzuda daha diqqətli olarlar".

