Azərbaycan yığmasına gətirdiyiniz “zibil yığını”

26 Mart 2021 16:40 Milli komanda 5 076
Azərbaycan yığmasına gətirdiyiniz “zibil yığını”

Qərəzli görünmək istəmirəm.

Yığmanı tərifləyənlər də, təbrik edənlər də şəxsi düşüncələrini bölüşür.

Mən ümidverici, perspektivli heç nə görmədim. 90 dəqiqə ərzində 1 dəfə də olsun, künc zərbəsi vurmayan, rəqibin qapı “çərçivəsi”nə düşməyən, ən əsası, ardıcıl 6 oyun qolun nə olduğunu bilməyən komandadan perspektiv gözləməyin mənası yoxdur.

Hansısa futbolçularda perspektiv ola bilər. Amma bu idarəçilik o perspektivliləri də məhv edəcək.

Di Byazi pis məşqçi deyil. Baxmayaraq ki, onun komandası Foqtsun və Prosineçkinin komandasından ciddi şəkildə heç nə ilə fərqlənmir.

Sadəcə, sistem ona da nə isə etməyə imkan verməyəcək. Sifariş ərizəsinə, start heyətinə baxan uşaq da bilər ki, buradan sifariş iyi gəlir.

Bəh-bəhlə gətirilib milliyə soxuşdurulan Anatoli Nuriyevin bir faydasını gördüz?

Ağabalanı, Mirabdullanı “22-liy”ə də layiq görməyib, əvəzində I Divizionda belə özünü göstərə bilməyən, qırmızı vərəqə alan Ramil Şeydayevi oyuna buraxdıranlar imkan verməz ki, milli inkişaf eləsin.

Azərbaycan millisinə soxuşdurulan Aleksey İsayevin erməni ilə dost-qardaşlığı məlum olub.

Belə ki, bir erməni Alekseyin şəklinə şərh yazaraq, onu Azərbaycan millisindəki debüt oyununa görə təbrik edib. O da erməniyə cavab yazaraq təşəkkür edib, nə bilim, "dostum-qardaşım" deyə, müraciət edib, hələ ürək şəkli də atıb.

Birincisi, Alekseyin etdiyi hərəkət xəyanətdir. Çünki sən ən azı bu ölkədə futbol oynayırsan, bu ölkədə çörək qazanırsan, bu ölkənin millisinə dəvət alırsan.

“Dost-qardaş” deyib, ürək atdığın erməni isə sənə çörək qazandıran ölkəyə düşmən olan şəxsdir. Ən azı, 44 günlük müharibə sənin burada olduğun dövrə təsadüf etdi.

Gəncə terroru, Bərdə terroru, digər erməni vəhşilikləri, vandallığı sənin gözlərin önündə oldu. Başa düşürəm, səni Azərbaycana heç nə bağlamır və erməni dostun ola bilər.

Amma ən azı bunları nəzərə alıb, bu ölkəyə hörmət əlaməti olaraq, o şərhə cavab yazmaya bilərdin. Ən pis halda “inbox”a yaza bilərdin.

Amma bu ölkəyə düşmən olan, bunca vəhşiliklər törədən, sənə çörək verən ölkənin körpələrinə terror edən birinə publik formada “dostum”, “qardaşım” deməyin, “ürək” atmağın böyük qəbahətdir.

İkincisi, belə baxanda, Alekseyi də qınaya bilmirəm. Kimdir axı Aleksey? Həmin erməninin havadarı olan, başımıza bunca bəlalar gətirən ölkənin vətəndaşı, nümayəndəsi.

Onun nə vecinə, erməni Azərbaycana, onun körpələrinə, günahsız insanlarına qarşı hansı terroru, vəhşiliyi edib? Günah Aleksey kimilərini şəxsi maraqları, cibləri naminə saxta yolla Azərbaycan millisinə soxuşduran dəllal yığınındadır.

Dəllalıq edib, milyonlar qazanırsız, haram xoşunuz, yeyin, burnunuzdan gəlsin! Heç olmasa, gətirdiyiniz “zibil yığını”na yalandan da olsa, vətənpərvərlik dərsi keçin ki, ən azı belə həssas məsələlərdən xəbərləri olsun.

Amma belə baxıram, kiməsə vətənpərvərlik hissi aşılamaq üçün gərək özündə də bu hiss ola. Özünüzdə olmayan şeyi Alekseyə, İvana, Petrova necə aşılayasız?

Düşünürəm ki, dövlət ən azı bu tip məsələlərdə mövqeyini ortaya qoymalıdır. Çünki bundan əvvəl də milliləşdirilən hansısa futbolçunun sonradan Ermənistan klublarına transferinin şahidi olmuşuq.

Hətta Ermənistanda oynamaq üçün Azərbaycan papsortundan, Azərbaycan millisindən imtina edən əcnəbilər də olub.

Burada artıq söhbət milli maraqlardan gedir ki, dövlət ən azı bu məsələdə AFFA-dakı dəllaların qulağını burmalıdır. Sabah həmin Alekseyin həmin Xorenə Azərbaycanla bağlı hansı sirrləri ötürməyəcəinə də heç kim zəmanət verə bilməz.

Anar Xanlarov

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti