Portuqaliya – Azərbaycan oyununun ilk 25 dəqiqəsini qaçırmışdım deyə, icmala baxıb subyektiv fikrimi yazıram:
1. De Byazinin də etiraf etdiyi kimi, ilk hissə ultra müdafiə futbolu oynadıq, Foqtsun dönəmindəki futbolu xatırlatdı millimiz. Bunda rəqibin son Avropa çempionu olması, Ronaldu faktoru və özünəinamsızlıq amili əsas rol oynadı.
2. Fasilədən sonra De Byazi komandasını silkələməyi bacardı. Ronaldunun o Ronaldu olmadığını görən millimiz ağıllı ötürmələrlə hücumlar qura bildi. Nəticədə rəqib qapısına tərəf 4 zərbə endirmək imkanımız oldu.
3. Oyunun qəhrəmanı təbii ki, Şahruddin idi. 15 seyv etdi adam. 2012-ci ildə Braqadakı oyunu stadiondan canlı izləmişəm, heç onda Ronaldunun əsəbləri ilə oynayan Kamran Ağayev bu qədər top çıxarmamışdı. İndi başa düşülür ki, Qurban Qurbanov niyə Emil Balayevin yerinə Şahruddini oynadır. Bir sözlə, Şahruddin Portuqaliya elitasından təklif ala biləcək dördüncü futbolçumuz ola bilər.
4. Şərhçinin dediyi kimi, qolda Şahruddinin səhvi yox idi. Səhv daha çox düzgün mövqedə durmayan Maksimdə idi, nəinki qolkiperdə.
5. Anatoli Nuriyev gözlənilən effekti vermədi, bizim Premyer Liqada oynayan futbolçulardan heç nəyilə seçilmədi, əksinə ləng, ağır oyunu ilə diqqətimi daha çox çəkdi. De Byazinin start heyətdə onu buraxmaması indi daha çox aydın olur. Millidə ilk oyunu olduğu üçün hələ üzərinə çox getmək də düzgün olmaz.
6. De Byazinin start heyəti düzgün idi. Premyer Liqamızın bombardiri Namiq Ələsgərov və əsas qol ümidimiz Ramil Şeydayev meydanda olduqları 10 dəqiqə ərzində heç nə ilə yadda qalmadı. Əksinə, start heyətdə yer alan Əli Qurbani daha yaxşı təsir bağışladı. Boyu və fiziki gücünə görə adam normaldır və gələcək oyunlarda bizdə yeni Şeydayev formasında parıldaya bilər.
7. Millinin adlı-sanlı rəqiblə normal futbol oynaması hələ o demək deyil ki, qrupda digər rəqiblərlə matçlarda da belə oynayacağıq. Bizim millinin problemi sabitliyin olmamasındadır. Məsələn, 3 gün sonra Qətərlə oyunda tam fərqli futbol görə bilərik. De Byazi rəqibdən asılı olmayaraq, bu sabitliyi formalaşdıra bilsə, İrlandiya, Serbiyadan xal almağa ümid etmək olar. Əks halda, yenə köhnə hamam, köhnə tas olacaq, hətta qrupda Lüksemburqdan da sonda olacağıq...
Səbuhi Musayev

