“Bir həftədir ki, təlim-məşq toplanışındayıq. Məşqçilərin verdiyi proqram əsasında hazırlıq keçmişik”.
Sportinfo.az xəbər verir ki, bu sözlər yığmamızın yarımmüdafiəçisi Bəhlul Mustafazadəyə məxsusdur.
O, bu gün DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində İtaliyanın Turin şəhərindəki “Yuventus” stadionunda keçiriləcək Portuqaliya ilə matç barədə danışıb:
“Komanda olaraq məşqçinin bizdən nə istədiyini anladığımızı düşünürəm. Verilən tapşırıqları, tələb olunanları meydanda yerinə yetirməyə çalışacağıq.
Rəqib haqda əlavə məlumata ehtiyac yoxdur. Demək olar ki, bütün futbolçularını yaxından tanıyırıq, nəyə qadir olduqlarını bilirik.
Təlim-məşq toplanışında Portuqaliyanın oyunlarını detallı şəkildə, bizim bilmədiyimiz nüansları məşqçilərin vasitəsilə analiz etmişik. Dünyanın ən yaxşı futbolçularına qarşı oynayacağıq.
Hər bir futbolçu üçün çox məsuliyyətli oyundur. Baş məşqçi şans verəcəyi təqdirdə, əlimdən gələnin ən yaxşısını etməyə çalışacam. Özümüzü sübut etmək baxımından bu oyun bizim üçün bir şansdır”.

