Qarşıdan millinin DÇ-2022 oyunları gəlir.
Millətlər Liqasındakı biabırçılıqdan sonra köhnə qaydada yeni tsikl start götürəcək.
Qalib ordu, xalq, Azərbaycan qarşısında düşmənlərin Milləilər Liqasında qrup qalibi olması da bir başqa dərddir.
Baş məşqçi Canni De Byazi Portuqaliyanı da yenmək eşqinə düşüb. Nə deyirik, təki olsun, biz də sevinək.
Hələ ki, hamı dəfndədir, "kərbəlayi"! Bəy kimi ölkə futbolunu dəfn edirlər. Region futbolunun çoxdan üçü, yeddisi, qırxı, ili, ildönümləri çıxıb. Yığışıblar Bakıya.
Nə vaxtdan görünüb ki, bəyi rəiyyət dəfn eləsin? Bir bu çatmırdı. Deyin, iki-üç silahlı versinlər, gedin, bəyi gətirin. Özümüz necə lazımdır, dəfn edəcəyik.
Heç kim qalmayıb, "kərbəlayi"! Gədə, nə hətərəm-pətərəm danışırsan, 200 mindən çox futbolçu ordusu var, hamısı AFFA-da qeydiyyatdan keçib. Necə yəni, heç kim yoxdur?
İndi də De Byazidən soruşmaq lazımdır: senyor, Portuqaliyanı kiminlə udmaq istəyirsən, "pripiska" futbolçularla?
Premyer Liqala son turlar az da olsa ümid verir. Müşahidələr bunu göstərir. Milliyə namizəd futbolçular meydanda özlərini "öldürürlər".
Son turda Vüsal İsgəndərli, Təmkin Xəlilzadə, Amil Yunanov meydanı "qaşıyırdılar", oyunları göz oxşayırdı. "Qarabağ"ın, "Neftçi"nin üzdə olan simaları zatən yığmaya çağırılacaqlar. Qalır boş qalmış yerlərə düşmək.
Milli sevdasının səs-sorağı Boluya da gedib çıxıb. Araz Abdullayev də bir oyuna iki qol asistinə yiyələnir. Futbolçularımız qış yuxusundan ayılıblar, indi yada düşüb, milliyə can atırlar.
Ramil Şeydayev oyun praktikası naminə əvəzedicilərin heyətində I Divizionda qırmızı vərəqə almağa da hazırdır, təki özü hazır olsun.
Namizədlər Çempionlar Liqasından əli üzülmüş yaralı ilan, Kriştianu Ronaldo ilə görüşmək üçün dəridən-qabıqdan çıxırlar.
Dəlidən doğru xəbər. Olmadı elə, oldu belə. Birdən heç-heçə, təsadüfi qələbə olar, bir ətək mükafatdan kənarda qalarlar. İnfarkt vurar futbolçuları. Görək, bu dəfə qrupun hansı yığmasını bədbəxt edəcəklər.
Premyer Liqaada sezon sona yaxınlaşır. Adətən, finişə yaxın canfəşanlığı hiyləgər legionerlər edirlər. Son 3-5 turda meydanda can qoyub, özlərini yenidən göstərib, müqavilələrini uzadırlar. Hələ maliyyə şərtlərini artıranlar da tapılır.
Öz futbolçularımız yaxşı nəsə öyrənməzlər. Millinin iyi gələn kimi futbol oynamaq yadlarına düşüb. Pakizə, oynayın, amma bir-iki həftə yox da.
Olmaz ki, bütün çempionat boyu özünüzü göstərəsiz? Potensialınız var axı.
Nəyiniz çatışmır? Pulunuz pul, şəraitiniz şərait. Əvvəlki legionerlər də yoxdur ki, "bizə şans vermirlər" deyib, deyinəsiz.
Yaxşı, başa düşdük, xaricə getmək istəmirsiz. Vətəndə oynayın, day, vaxt niyə öldürürsüz?
Qarşıdakı turda da yerli futbolçular meydanda canlarını qoyacaq. O da hamısı yox, yuxudan ayılanlar. Coşqun Diniyevi, Fəhmin Muradbəylisi, Mirabdulla Abbasovu hələ fil qulağında yatıblar.
Futbola xəyanət edilməz. Bu top siz futbolçuların "çörək ağacı"dır. Özü də milyonların həsəd apardığı, arzuladığı "çörək ağacı". Halal xoşunuz, oynayın, futbolla oynamayın, futbol oynayın, milləti sevindirin.
Necə ki, Qarabağda qəhrəmanlarımız canlarından keçdilər, torpaqlarımızı yağı düşməndən azad etdilər. Mükafat davası da etmədilər. Vətən, torpaq sevgisi hər şeydən üstündür.
Siz futbolçuların da döyüş meydanı var. Xüsusi təyinatlılarımız necə hazır idilərsə, futbolçular da bir-iki oyunluq yox, il ərzində formada olmalıdır.
Heç dağa-daşa dırmanmaq, düşmənlə üz-üzə durmaq da tələb olunmur. Düpbələmdüz ideal təbii ot örtüyündə, yeməyi-içməyi ilə intensiv, həvəslə məşq etmək lazımdır.
Bu sözlər tək futbolçulara aid deyil. AFFA-sı, klubları, məşqçiləri məsuliyyət daşıyır. Futbolçu əskərdir, necə hazırlayarsan, elə də döyüşər. Qələbəni, döyüşə hazır olan general qazanır.
AFFA və De Byazi, həqiqətən hazırsızmı? Martın 24-30-u aralığında görüb biləcəyik. Ki, yenə yalan üyütmüsüz, ya yox.
SPORTİNFO.AZ

