Azərbaycan millisi martın 24-də DÇ-2022-nin seçmə mərhələsinə start verəcək.
Komandamız əvvəlcə İtaliyada Portuqaliya (24-də), ardınca Macarıstanda Qətər ilə (27-də) qarşılaşacaq.
Canni de Byazinin çalışdırdığı kollektiv ayın 29-də Bakıda Serbiya ilə üz-üzə gələcək.
Yığmamız bir də sentyabrdan tez meydana çıxmayacaq. Qalan oyunlar oktyabr və noyabr aylarında davam etdiriləcək.
Koronavirus pandemiyasının yaratdığı problemlərin çoxluğu AFFA-nı öncədən müəyyən tədbirlər görməyə sövq edib.
Bəllidir ki, əksər Avropa ölkələri özünün quru və hava sərhədlərini bağlayıb. Şengen vizası almaq çox çətinləşib. Səfirlik və konsulluqlar bu kimi sənədlərin verilmə müddətini uzadıb və şərtləri ağırlaşdırıb.
Bütün bunları nəzərə alan federasiya rəhbərliyi italyan baş məşqçi ilə məsləhətləşmədən sonra hər ehtimala qarşı 50-yə yaxın futbolçunun sənədlərini toplayıb və onların adına viza açdırıb.
Bu o demək deyil ki, həmin oyunçuların hamısı martda keçiriləcək rəsmi qarşılaşmalara dəvət alacaq. De Byazi gözaltı etdiklərini may və iyunda təşkili planlaşdırılan yoldaşlıq görüşlərini, həmçinin təqvim üzrə payıza salınan seçmə mərhələ matçlarına çağıra bilər.
SPORTİNFO.AZ

