AFFA 4 futbolçunu milliləşdirir - FIFA-dan cavab gözləyir

6 Mart 2021 13:40 Milli komanda 1 597
AFFA 4 futbolçunu milliləşdirir - FIFA-dan cavab gözləyir

Sportinfo.az xəbər verir ki, martın 24-də Lissabonda yerləşən “Joze Alvalade” stadionunda keçiriləcək Portuqaliya – Azərbaycan matçı ilə yığmamızın dünya çempionatının seçmə mərhələsindəki macərası başlayacaq.

Millinin baş məşqçisi Canni de Byazi Serbiya, İrlandiya və Lüksemburqun da yer aldığı qrupda uğur qazanmaq arzusundadır.

Bunu ölkəsinin mətbuatına açıqlamasında italiya mütəxəssisin özü dilə gətirib: “Biz qrupda 5-ci komanda kimi mübarizəyə başlayırıq. Amma məni 4-cü yer qane etmir.

Məğlub düşüncələri rədd etməyə çalışmalıyıq. Bütün imkanlardan yararlanmaqla qərarlı və intellektli komanda olduğumuzu göstərmək istədiyimizə çox inanıram”.

De Byazinin açıqlaması olduqca iddialı və məqsədyönlüdü. İtaliyalı mütəxəssis yığmamızda iş görmək, nəticə vermək niyyətindədi. Bunun üçün də yeni komanda formalışdırmağa çalışır.

Görülən odu ki, AFFA da bu işdə ona yetərincə dəstək olur. Elə məhz bu səbəbdən də De Byazi bir müddət əvvəl bir neçə futbolçunu izləmək üçün Antalyaya yollanmışdı.

Qardaş ölkədə Ukrayna “Minay”ının iki üzvü – Anatoli Nuriyevlə Rüstəm Əhmədzadə və Rusiya "Ximki"sinin oyunçusu Kamran Əliyevin oyununu izləyib.

Onların hər biri ilə danışaraq millidə oynamaq ehtimalını müzakirə edib. Bundan sonra bəlli oldu ki, Rüstəm Əhmədzadə yığmamızda çıxış etmək təklifini qəbul edib.

Bunu yerli mediaya açıqlamasında forvardın özü də təsdiqləyib. Daha sonra aydın oldu ki, AFFA “Minay”ın digər üzvü Nuriyevin sənədlərini qaydaya salmağa çalışır.

Futbolçu Ukrayna mətbuatına müsahibəsində bu faktı ortaya çıxarıb: “Hələlik şərh ediləsi xüsusi bir şey yoxdu. Baxmayaraq ki, özümü beynəlxalq səviyyədə sınamağı çox istəyirəm.

Azərbaycan millisində oynaya biləcəyimlə bağlı söhbətlər ilk dəfə bir il öncə başladı. Axı ata tərəfdən bu ölkə ilə bağlılığım var.

Hazırda bu işlə AFFA məşğul olur. Ona görə də detalları açmaq istəmirəm. Mənim işim “Minay” üçün oynamaq və peşəkarlığımı göstərməkdi.

Düşünürəm ki, məsələ yazda – DÇ-2022-nin seçmə mərhələsi başlayanda dəqiqləşəcək. Çünki təqvimə görə Azərbaycan martın 24-də səfərdə Portuqaliya, 30-da isə evdə Serbiya ilə qarşılaşacaq”.

Beləliklə, AFFA Rüstəmin sənədləşmə məsələsini rahat həll edib. Lakin Nuriyevlə bağlı FIFA-ya müraciət edib.

Bəs bununla bağlı hansısa problemlə üzləşə bilərik? Anatoli Nuriyev növbəti tskilın ilk oyunlarına yetişəcək?

Cavabsız qalan suallar çox olduğundan AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdullaya müraciət etdik (Futbol+).

Qurum rəsmisi bu futbolçularla bağlı yekun qərarı FIFA-nın verəcəyini bildirdi: “Qeyd olunan məsələlər sənədləşmə mərhələsindədi. Prosesin nə vaxt yekunlaşacağı təkcə bizdən asılı olan məsələ deyil,

FIFA-nın nə zaman cavab verəcəyindən də asılıdı. AFFA çalışır ki, baş məşqçinin heyətdə görmək istədiyi futbolçularla bağlı sənədləşmə prosesini ən qısa zamanda yekunlaşdırsın”.

Beləliklə, Nuriyevin məsələsi ilə bağlı yaranan problemin həll olunmasına çalışılır. Bəs başqalarıi?

Yadınızdadısa, təxminən 1 il öncə Sezar Meza Kolli və Əmir Ağayevlə bağlı FIFA-ya müraciət olunmuşdu. Hətta AFFA-nın rəsmi saytı Əmir haqda məlumat da yaymışdı:

“AFFA hazırda Yunanıstanın "Atromitos" klubunda çıxış edən Əmir Ağayevin Azərbaycan milli komandasında çıxış edə bilməsi üçün müvafiq qaydada FIFA-ya müraciət ünvanlayıb.

Hazırda məsələyə FIFA-nın müvafiq komissiyasında baxılır və AFFA ilə FIFA arasında zəruri sənədlərin dövriyyəsi davam edir.

Azərbaycan milli komandasının UEFA Millətlər Liqası çərçivəsində sentyabrın 5-də və 8-də keçirəcəyi oyunlara hazırlıq məqsədilə təlim-məşq toplanışına artıq avqustun 27-dən etibarən start verilməsi və yuxarıda qeyd olunan məsələ ilə bağlı FIFA tərəfindən hələ ki yekun qərarın qəbul olunmaması nəzərə alınaraq, Əmir Ağayev millimizin hazırda davam edən təlim-məşq toplanışında iştirak etməyəcək”.

Əmir Ağayev Millətlər Liqasının heç bir oyununda iştirak etmədi. Onun millimizə çağırılması ilə bağlı hansısa rəsmi məlumat da verilmədi. Sezar Meza Kolli ilə bağlı məsələ də eyni ilə qaranlıq qaldı.

Amma həmin dövrdə Azərbaycan premyer-liqasında 6 qarşılaşmada çıxış edən, o zaman çempionatın bombardiri olan Əli Qurbani asanlıqla yığmada debüt etdi.

Necə olur ki, FIFA Sezar və Əmirlə bağlı sənədləşmə işində problem yaradır, amma Qurbanidə yox? Sualımıza Firuz Abdullanın cavabı belə oldu:

“Rüstəm, Anatoli, Meza Kolli və Əmirlə bağlı FIFA-ya müraciətimiz olub. Bunlar mənim bilmədiyim detallardı. Hər futbolçu üçün bu məsələlər fərdidi, hamısına eyni vaxtda və eyni qaydada sənəd verilməsi mümkünsüzdü. Yekunda oyunçularla bağlı qərarı FIFA verir”.

Burdan belə anlaşılır ki, dünyanın ali futbol qurumu qərar verərsə, yuxarıda adını sadaladığımız futbolçular dünya çempionatının seçmə mərhələsində milli komandamıza kömək edəcəklər. Əks təqdirdə, ya gözləməli olacağıq, ya da həmin futbolçulardan imtina edəcəyik.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!