Niyə qorxsun onda..?

29 Yanvar 2021 11:40 Milli komanda 588
Niyə qorxsun onda..?

21 yaşadək futbolçular arasında Avro-2023-ün seçmə mərhələsinin püşkü dünən atıldı.

Onlayn püşkün gözü bu dəfə də kor oldu və üzümüzə gülmədi.

Xorvatiya, Avstriya, Norveç, Finlandiya və Estoniya ilə birlikdə A qrupunda mübarizə aparacağıq.

Adlar çox şey deyir özlüyündə. Bu rəqiblərin olduğu qrupda nəyəsə ümid etmək… Estoniyanı qabaqlayıb, sonuncu yer tutmasaq, uca göylərə gündə min kərə şükranlığımızı bildirməliyik.

Millimizin baş məşqçisi Milan Obradoviç isə deyəsən, kor püşkdən məmnun qalıb, buyurub ki; "Qrupdakı heç bir komandadan qorxmuruq".

Təəccüblənib eləməyin, nəbadə! Görürsüz, serbiyalı «hoca»nın heç tükü də tərpənmir, hər şeyi adi qarşılayır, bütün rəqiblərə qarşı mübarizə aparmaq iqtidarında olmaqdan dəm vurur, yüksək yerləri nişan verir.

Heç bir məşqçi komandasının «qapazaltı» olduğunu deməz. İki-üç oyun keçər, sonra «yada düşər xatirələr» silsiləsi başlayar.

Bu, Obradoviçə də aiddir.

Lixtenşteynə ilk rəsmi qələbəsini qazandırmış məşqçi kimi tarixə düşmüş Obradoviç indi nədən qorxsun və çəkinsin ki?

2 ildir Azərbaycandadır və bu müddət ərzində hər ay 35 min dollar qazanıb. Sağlığına qismət! Avro-2021-in bərbad nəticələrini görməzdən gələn AFFA rəhbərliyi də sağ olsun, ondan hesabat soruşmaq və qapıdan qovmaq əvəzinə, 2 illik yeni kontrakt təklif edib.

Kişinin üzünə qayıdıblar ki, nə olsun, nəticələrin biabırçıdır, amma bizim səndən xoşumuz gəlir, al, bu da iki illik yeni müqavilə, get, kef elə!

Sağolmuş da yenilənən UEFA kontraktını qoyub balınıcının altına indi, «qorxmuram» söhbəti edir. Ağılsız adam deyil Obradoviç, qətiyyən.

Komandanı növbəti seçmə mərhələdə nə gözlədiyini də bizdən yaxşı bilir, hər halda 2 ildir buralardadır və futbolun inkişafının AFFA-nı maraqlandırmadığını zaman-zaman müşahidə edib, edir, görür.

Məşqçiliyi əla olmasa da, müşahidə qabiliyyətinə söz yox. Nələrisə başa büşüb və buna uyğun davranır.

Anlayır ki, qarşıdakı seçmə mərhələdə uğursuz oyunlardan təsbeh düzəltsə, AFFA-dakılar başını qaldırıb, «bura bax, gözün üstdə qaşının olmasını unutma» söyləməyəcək.

Üzünə bozarsalar belə, müqavilə sənədini ortadan cırıb. «get buradan» təpgisi ilə qarşılaşmayacağını da gözəl bilir.

Ürəyindən keçən isə budur, əslində. Nə vaxt qovulmasından asılı olmayaraq, müqavilə üzrə nəzərdə tutulan pulu son qəpiyinədək alacaq.

Serbiyadakı evində ayağını uzadıb divanda rahat əyləşəcək və hər ayın başında Bakıdan göndərilən pulu gedib bankdan çəkəcək. Pisdir ki, niyə qorxsun onda..?

ƏDALƏT

Digər Xəbərlər
Xəbər Lenti