
Polşa millisinə yeni baş məşqçi axtarışları davam edir.
Sportinfo.az xəbər verir ki, Yeji Brjeçeklə yollarını ayıran Polşa Futbol Assosiasiyası bu posta italiyalı mütəxəssis gətirməyi planlaşdırır.
Buna səbəb assosiasiya prezidenti Zbiqnyev Boniekin uzun illər həm futbolçu, həm də məşqçi kimi İtaliyada fəaliyyət göstərməsidir.
Maraqlıdır ki, Polşa mətbuatı siyahıda Azərbaycan millisinin baş məşqçisi Canni de Byazinin də adının olduğunu iddia edib. Hətta bildirilib ki, de Byazi 2018-ci ildə Brjeçeklə yanaşı, ikinci alternativ olub.
Ancaq onun keçidi o qədər də real görünmür.
Ondan başqa, “Torino”dan yenicə istefaya göndərilən Marko Campaolo, həmçinin Luçano Spalletti başda olmaqla, daha bir neçə yerli və italyan mütəxəssisin namizədliyi müzakirə olunur. Assosiasiya hələlik heç bir mütəxəssislə əlaqə saxlamayıb.
Ötən ildən Azərbaycan millisini çalışdıran Canni de Byazinin AFFA ilə müqavilə müddəti 2022-ci ilin yayına qədərdir.