DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsinin A qrupunda yer alan Azərbaycan millisinin futbolçuları böyük pul mükafatı əldə edə bilər.
AFFA qazanılan hər xala görə böyük fond yaradıb.
Belə ki, qələbə əsas heyətdə meydana çıxacaq hər oyunçuya 50 min manat qazandıracaq. Heç-heçənin dəyəri isə 25 min manat olaraq müəyyənləşdirilib.
Müqayisə üçün bildirək ki, UEFA Millətlər Liqasının D Divizionunda qüvvəsini sınamış komandamızda qalibiyyətə 30000, 1 xala 15000 manat verilib.
Yığmamız tarixində 4-cü dəfə beş komandalı qrupa düşüb. Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqla mübarizə aparacaq millimiz üçün bu sayda komandanın olduğu qruplarda çıxış uğursuz alınıb.
Millimiz bir dəfə dünya, iki dəfə Avropa seçmələrini 8 matçla bitirib. Hər dəfə də yığmanın mövqeyi dəyişməz olub – 5-ci yer.
DÇ-1998-də yalnız İsveçrəni məğlub etməklə kifayətlənən komandamız AVRO-2004-də rekorda imza atıb. Millimiz 5 komandalı qrupda özü üçün ən yüksək göstəriciyə - 4 xala imza atıb.
Bu da Serbiya və Monteneqro ilə qarşılaşmalarda əldə olunan xallar hesabına mümkün olub. AVRO-2020-də isə qələbəyə də həsrət qalan milli yalnız bir xalla kifayətlənib.

