AFFA 21 yaşadək futbolçulardan ibarət millinin baş məşqçisi Milan Obradoviçin ölkəmizdəki işini davam etdirəcəyini bir neçə gün öncə açıqladı.
Bildirildi ki, 43 yaşlı serbiyalı mütəxəssis yığmanın sükanı arxasında qalacaq.
Bu qərar AFFA İcraiyyə Komitəsinin (İK) növbəti iclasında veriləcək. Koronavirus pandemiyası ilə bağlı bu il yığıncaq olmaya bilər.
Məsələ burasındadır ki, AFFA-nın Nizamnaməsində İK-nın iclasının il ərzində ən azı 4 dəfə keçirilməsi göstərilib. Başa çatmaqda olan 2020-də isə qurum üzvləri artıq 8 dəfə yığışıb. Yəni toplantı bu il olmasa, Nizamnamə pozulmayacaq.
Obradoviçlə yeni müqavilənin müddətinə gəlincə, əməkdaşlıq qarşıdakı 2 ili əhatə edəcək və 2022-nin sonuna qədər davam edəcək. AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdullanın açıqlamasını xatırlayaq:
“Baş məşqçinin müqaviləsinin şərtində qeyd olunub ki, hər iki tərəf razı olarsa, müddət artırıla bilər. Federasiya rəsmiləri ilə görüşdən sonra qərara gəlinib ki, bundan istifadə olunsun. Onun yığmadakı fəaliyyəti qənəatbəxş sayılıb. Bu səbəbdən də belə qərar verildi”.
Amma… Son 2 gündə hadisələrin gedişatı bir az fərqli məcra alıb. Obradoviç ailə problemlərini əsas gətirərək, ölkəsinə qayıdıb.
O. qarşıdakı 3-4 həftədə Bakıya dönə bilməyəcəyini AFFA-ya xəbər verib. Serb mütəxəssisin həyat yoldaşının xəstə olduğunu, onun müalicəsinin uzun sürəcəyi təqdirdə, vətənində qalacağını söyləyib.
U-21-lər arasında Avropa çempionatının seçmə mərhələsinin püşkatması gələn il yanvarın 28-də olacaq. Yeni seçmə mərhələdə matçlar isə bundan 2 ay sonra - martda başlayacaq.
AFFA Obradoviçin qarşısına qrupda ilk 3 yerdən birini tutmaq vəzifəsi qoyub. Balkanlı çalışdırıcı bu məsuliyyətin altına girməkdən çəkinir.
İlk 2 illə müqayisədə indi maliyyə şərtlərində federasiyaya güzəştə gedən baş məşqçi konkret hədəf məsələsində ehtiyatlı tərpənir və fikirləşmək üçün vaxt istəyib.
SPORTİNFO.AZ

