AFFA-ya güzəştə getdi, "Sumqayıt"ın prezidenti yenə pul qazandı

16 Dekabr 2020 19:00 Milli komanda 1 442
AFFA-ya güzəştə getdi, "Sumqayıt"ın prezidenti yenə pul qazandı

Bilindiyi kimi, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Milan Obradoviçlə ölkəmizdəki işini davam etdirəcək.

43 yaşlı serbiyalı mütəxəssis yığmamızın sükanı arxasında qalacaq.

Bu qərar AFFA İcraiyyə Komitəsinin (İK) növbəti iclasında veriləcək. Koronavirus pandemiyası ilə əlaqədar olaraq bu il yığıncaq olmaya bilər.

Məsələ burasındadır ki, AFFA-nın Nizamnaməsində İK-nın il ərzində ən azı 4 dəfə keçirilməsi göstərilib. Başa çatmaqda olan 2020-ci ildə isə həmin qurum artıq 8 iclas keçirib. Yəni, toplantı bu il olmasa da, Nizamnamə pozulmayacaq.

Obradoviçlə yeni müqavilənin müddətinə gəlincə, bu, qarşıdakı ili əhatə edəcək.

U-21-lər arasında 2023-cü il Avropa çempionatının seçmə mərhələsinin püşkatması gələn il yanvarın 28-də olacaq. Yeni seçmə mərhələdə matçlar isə bundan 2 ay sonra - martda başlayacaq.

Sportinfo.az-ın əldə etdiyi məlumata görə, balkanlı çalışdırıcı yeni müqavilə şərtlərində AFFA-ya bir xeyli güzəştə gedib. O, əvvəlkindən daha aşağı məbləğə razılaşıb.

Məlumat üçün bildirək ki, 2019-cu ilin yanvarında Azərbaycanda işə başlayan serb məşqçinin aylıq maaşı 35000 dollar təşkir edirdi. «Sumqayıt»ın prezidenti Riad Rəfiyevin vasitəsilə ölkəmizə gələn Obradoviç buna görə ona menecer haqqı ödəyib.

Əslində, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov onunla müqavilənin uzadılmasına tərəfdar deyildi. Ona görə ki, Obradoviç bu ilin martında qurumun müqavilənin maddi şərtlərini aşağı çəkməklə bağlı təklifini geri çevirmişdi.

İndi isə o, buna, sadəcə, məcburdur. Çünki başqa bir yerdən heç bir təklif almayıb. Üstəlik, dəvət gəlsə belə, buradakı qədər maaşı qazanmayacaq.

Obradoviçin «qanının arasına» yenə Rəfiyev girdi. Təbii ki, yeni kontraktdan ona çatmalı olan pulu alaraq…

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti