"Gözləyirik, AFFA bizə etimad göstərəcək, yoxsa yox"

10 Dekabr 2020 09:40 Milli komanda 945
"Gözləyirik, AFFA bizə etimad göstərəcək, yoxsa yox"

"Həmişəki kimi ancaq mübarizə aparmaq olar.

Başqa nə edə bilərik? Çünki İspaniya və Belçikanın uşaq futbolu başqa səviyyədir.

Nəinki uşaq futbolu, bu ölkələrin futbolu top səviyyədədir. Öndə gedən ölkələrdi. Ən azından mübarizə aparmaq lazımdır. Şans isə hər zaman var".

Bu sözləri Sportinfo.az-a açıqlamasında U-19 millimizin baş məşqçisi Samir Əliyev Avropa çempionatının seçmə mərhələsi çərçivəsində qarşılaşacaqları rəqibləri dəyərləndirərkən deyib.

Dünən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olub.

Yığma Lüksemburq, Belçika və İspaniya ilə birlikdə 8-ci qrupda yer alıb. Seçmə mərhələdə hər qrupdan iki komanda və yaxşı nəticəsi olan üçüncü yerin sahibi elit mərhələyə yüksələcək.

Portuqaliya elit raunddan mübarizəyə qoşulacaq. Ev sahibi Slovakiya birbaşa 2022-ci ildə keçiriləcək final mərhələsinə vəsiqə qazanıb. Qarşılaşmalar 30 avqust - 16 noyabrda olacaq.

Gənc məşqçi düşən rəqiblərin güclü olmasına üzülsə də sevindiyi məqam da var: "Düzdü, güclü rəqiblərdi. Acı mənzərə odur ki, olduğumuz səbətlərə görə rəqiblərlə belə səviyyə fərqi var. İstərdik dişimizə uyğun rəqiblər olsun.

Sevindirici hal odur ki, millimiz heyətində gələcəyin ulduzları olan rəqiblərlə qarşılaşacaq. Bunun sayəsində gələcəkdə U21, əsas milli və ya öz karyeraları üçün təcrübə toplayacaqlar.

Belə oyunlar bu baxımdan yaxşıdır. İnkişaf deyirik, ancaq belə oyunları oynamalısan ki, inkişaf edəsən. Gedib San Marinonu, Andorranı 2-0 və ya 3-0 udmaqla sən inkişaf etməyəcəksən".

U-19 millisinin çalışdırıcısı hələ hazırkı işində qalıb-qalmayacağını bilmədiyini deyib: "Martda bizim oyunlarımız olmalıdı. Hələ o da sual altındadır.

Bilinmir necə olacaq. Bundan başqa müqaviləmiz demək olar bitir. Bilinmir bu postda kim qalacaq. Amma gözləyək görək necə olur. AFFA rəhbərliyi bizə etimad göstərəcək, yoxsa yox.

Bizim öz məşqçilər korpusunun işləməyə marağı olacaqmı. Hansı prespektivlər var. Bir çox nüanslar var ki, onları oturub danışmaq lazımdır".

Samir Əliyev milli komandada işləməyin çətinliyindən də söz açıb: "Milli komandada işləmək çox çətindir. Çünki futbolçunu sən hazırlamırsan.

Futbolçunun milliyə hansı səviyyədə gəlməsi maraqlıdır. İstər taktiki, istər fiziki. Maksimum 10 gün toplanış olur. Baş sındırırsan ki, uşaqları hazırlayasan.

Hər məşqçi üçün deyil ki, millidə işləyib nəticə versin. Avropa ölkələri ilə səviyyə fərqi çoxdur. Həqiqətən, nəticə vermək çox çətindir".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti