Dünya çempionatının seçmə mərhələsinin püşkatması ilə Azərbaycan millisi növbəti mundial yolçuluğunun astanasına qədəm qoydu.
Sportinfo.az xəbər verir ki, yığmamız tarixində 7-ci dəfə planetin ən nüfuzlu idman yarışına vəsiqə üçün mübarizəyə gələn il start verəcək.
Baş məşqçi Canni de Byazinin Qətər-2022-yə vəsiqə ilə bağlı xəyallarının gerçəkləşməsi martda başlamalıdır. Noyabrda başa çatacaq seçmə mərhələdə millimiz 8 oyuna çıxacaq.
Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqla görüşlərə qədər komandamız 58 matça çıxıb. Azərbaycan millisinin dünya çempionatlarının seçmə mərhələlərindəki rekordçusu Rəşad Sadıqovdur. Sabiq kapitan mundial yolunda 31 matça çıxıb.
4 müxtəlif tsikldə oynamış müdafiəçi o qədər böyük üstünlüyə malikdir ki, qarşıdakı tsikldə də onu keçən olmayacaq.
DÇ seçmə mərhələsində ən çox oyun keçirən 6 futbolçumuz
1. Rəşad Sadıqov - 31
2. Mahir Şükürov - 26
3. Kamran Ağayev -25
4. Cavid Hüseynov - 21
5. Rahid Əmirquliyev - 19
6. Qurban Qurbanov - 18
6 tsikldə yığmamız 29 qol vurub. Millinin dünya çempionatlarının seçmələrindəki bombardirləri vur-tut 3 qol vurub. Aparıcı yığmaların məhsuldarlığı ilə seçilən üzvlərinin bir oyunda 3-4 qol vurması fonunda millimizin bombardirləri ümumilikdə 3 qola sevinib.
Buna da Vaqif Cavadovla Əfran İsmayılov nail olub. Dörd oyunçunun aktivində iki top var. Onlardan da ikisi müdafiəçidir. Rəşad Sadıqovla Ruslan Abışov ən məhsuldar 6 oyunçu sırasındadır (apasport.az).
DÇ seçmə mərhələsində ən çox qol vuran 6 futbolçumuz
1-2. Vaqif Cavadov - 3
Əfran İsmayılov - 3
3-6. Rəşad Sadıqov -2
Ruslan Abışov – 2
Elvin Məmmədov- 2
Vadim Vasilyev - 2

