
Azərbaycan yığmasının rəqibləri bəlli oldu – DÇ-2022 yolunda
Qətərdə keçiriləcək DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsinin püşkü atılıb.
Sportinfo.az xəbər verir ki, final mərhələsində vəsiqələr uğrunda mübarizəyə başlayacaq 55 komanda 10 qrupa bölünüb.
Bu qrupların beşində 5, beşində 6 komanda yer alıb. 2021-ci ildə baş tutacaq seçmə mərhələdə qrup qalibi olan 10 komanda mundiala vəsiqə qazanacaq. İkinci yer sahibi olan 10 komanda isə Millətlər Liqasından gələcək 2 yığma ilə pley-offda son üç vəsiqə üçün mübarizə aparacaq.
Püşkatmaya 5-ci səbətdə qatılan Azərbaycan millisinin də seçmə mərhələdəki rəqibləri müəyyənləşib. Yığmamız A qrupunda yer alıb.
İtaliyalı Canni de Byazinin baş məşqçisi olduğu millinin qrupunda 5 komanda mübarizə aparacaq. Yığmamız Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburq ilə üz-üzə gələcək.
Qardaş Türkiyə G qrupunda Niderland, Norveç, Monteneqro ilə qarşılaşacaq.
Artıq seçmə mərhələnin oyun günləri də bəllidir. Komandalar martın 24-25-də, 27-28-də, 30-31-də, sentyabrın 1-2-də, 4-5-də, 7-8-də, oktyabrın 8-9-da, 11-12-də, noyabrın 11-13-də və 14-16-da meydana çıxacaq. Pley-off mərhələsi 2022-ci il martın 24-25-də və 28-29-da təşkil olunacaq.
A qrupu: Portuqaliya, Serbiya, İrlandiya, Lüksemburq, AZƏRBAYCAN
B qrupu: İspaniya, İsveç, Yunanıstan, Gürcüstan, Kosovo
C qrupu: İtaliya, İsveçrə, Şimali İrlandiya, Bolqarıstan, Litva
D qrupu: Fransa, Ukrayna, Finlandiya, Bosniya və Herseqovina, Qazaxıstan
E qrupu: Belçika, Uels, Çexiya, Belarus, Estoniya
F qrupu: Danimarka, Avstriya, Şotlandiya, İsrail, Farer adaları, Moldova
G qrupu: Niderland, Türkiyə, Norveç, Monteneqro, Latviya, Cəbəllütariq
H qrupu: Xorvatiya, Slovakiya, Rusiya, Sloveniya, Kipr, Malta
I qrupu: İngiltərə, Polşa, Macarıstan, Albaniya, Andorra, San Marino
J qrupu: Almaniya, Rumıniya, İslandiya, Şimali Makedoniya, Ermənistan, Lixtenşteyn