"Biabırçı hesabla uduzmadığımıza görə mən də sevindim"

6 Dekabr 2020 19:40 Milli komanda 1 221
"Biabırçı hesabla uduzmadığımıza görə mən də sevindim"

U-19 millisinin baş məşqçisi Samir Əliyev ötən ilin oktyabrında Çexiyada keçirilən Avropa çempionatının seçmə mərhələsində qarşılaşdığı hadisə barədə danışıb.

Sportinfo.az xəbər verir ki, yığmanın çalışdırıcısı ev sahiblərinə qarşı matçda nələrin yaşandığını ”Futbol+”ə açıqlayıb:

”Komanda Norveçlə oyunda nə gücü var idisə, meydanda qoymuşdu. İkinci qarşılaşmada Çexiya ilk dəqiqələrdən o qədər sürətli oyun nümayiş etdirir ki, biabırçı hesabla məğlub olmamaq üçün dua edirəm.

Artıq 12-ci dəqiqədə meydan sahibləri 2:0 hesabı ilə öndədilər. Cinahlardan qapı önünə asmaların və ötürmələrin sayı-hesabı yoxdu.

Mərkəzdən o qədər zərbə endiriblər ki, qapıçımızın az qala əlcəyi deşilsin. Nə başınızı ağrıdım, vəziyyət faciəvidi. Yenə deyirəm, ürəyimdə Allaha yalvarıram ki, heç olmasa, birinci hissədə qapımıza 7-8 top vurmasınlar.

Elə həmin an gördüm ki, qolkiperimiz yerdə qalıb. Həkimlər ona yaxınlaşanda əvəz olunmasını istədi. Fikirləşdim ki, rəqibin güclü olduğunu görüb özünü zədəli kimi göstərmək, yalandan əvəz olunmaq istəyir.

Həkimlərə “ona deyin, davam etsin” söyləyib, qolkiperi meydanda saxladım. 4-5 dəqiqə sonra gördüm ki, yazıq doğrudan da zədələnib, oyunu davam etdirə bilməyəcək.

Üzümü ehtiyat qapıçıya tutaraq, “hazırlaş” dedim. Birdən elə bil, kimsə mənə dedi ki, ona bax. Yenidən çevrilib ikinci qolkiperə nəzər salanda gördüm ki, yazığın üzü ağappaqdı, həyəcandan əli-ayağı əsir. Əslində onu başa düşürdüm.

Ancaq bu qədər həyəcan keçirməsindən mən də qorxdum. Yanıma çağıraraq, “heç nədən qorxma, çıx və qapıda dayan, nə olacaqsa, olacaq” söylədim və ardınca “nə qədər qol buraxsan da, məsuliyyət mənim boynumdadı, sənlik heç nə yoxdur” dedim.

Həmin uşaq meydana çıxdı və bəxtindən də qapıya gedən onlarla zərbə onun orasına-burasına dəyərək qapıya daxil olmadı.

Sonda həmin matçı 0:4 hesabı ilə uduzduq ki, yekunda biabırçı hesabla yenilmədiymizə görə mən də sevindim. Rəqibin hücumlarının heç olmasa, ondabiri məhsuldar sonluqla bitsəydi, hesab ən azı 10:0 onların xeyrinə olacaqdı".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti