40 il öncəki “Neftçi” sevgimiz

20 Sentyabr 2020 18:20 Köşə 1 073
40 il öncəki “Neftçi” sevgimiz

Futbol xatirələri də adamda çəkilməz nostalji ovqatı yaradır. Xüsusilə də uşaqlığımızın kumirləri olan bir çox məşhur futbolçuların bu gün həyatda olmaması adamın ürəyini sızladır. Nə edəsən, peşəkar futbolçular bir çox hallarda gödəkömürlü olur.

… Biz, ötən əsrin yetmişinci illərinin cocuqları, “Neftçi”nin oyunlarını səbirsizlikə gözləyər, birini də buraxmazdıq. Dərs də bir kənarda qalardı, ev-eşik, çöl-bayır işləri də. Harda olsaq, özümüzü yetirərdik, oyunun başlanmasından bir neçə dəqiqə öncə səsləndirilən “dam-dara-ra-dam-ra-ra” notlu futbol marşını həyəcanla dinləyə-dinləyə, ekran qarşısında bitərdik.

“Neftçi” bizim üçün heç də Bakının komandası deyildi, bütün Azərbaycanın komandası idi, milli komandaydı. Bəzən bu komandanın heyəti yarı-yarıya slavyan mənşəli legionerlərdən ibarət olardı (Smolnikov, Pançik, Jidkov, Kramarenko, Ponomoryov və başqaları), amma bunun bizim üçün əhəmiyyəti yox idi, əsas o idi ki, meydana Rafiq Quliyev (2 nömrə), Bəxtiyar Qulamov (3), Rəşid Özbəyov (4), Asəf Namazov (5), Tofiq Abbasov (6), Asif Əliyev, Elbrus Abbasov (7), Əli Rəhmanov (8), Əbdülqəni Nurməmmədov, Anatoli Banişevski (9), Səməd Qurbanov (10), Səmədağa Şıxlarov, İsgəndər Cavadov, Maşallah Əhmədov çıxacaqdı.

Yaddaşımda nə gözəl futbol epizodları var: Heç vaxt penalti vuruşlarını qaçırmayan kapitan Əli Rəhmanov (“Neftçi” penalti qazanıbsa, onu Əli Rəhmanov vuracaqsa, bu, artıq qol demək idi)…

Şəxsinə qarşı kobudluq edən rəqib hücumçunun çənəsindən yumruq zərbəsi ilişdirib qırmızı kart alan qapıçı Kramarenko…

Tbilisi “Dinamo”sunun qapısına atletik tullanışla, “çerez sebya” qol vuran Tofiq Abbasov…

“Spartak”ın və SSRİ yığmasının məşhur qapıçısı Renat Dasayevin qapısına Bakıda iki qol vurmağımız, oyunun sonunda onun matçın “ən yaxşı oyunçusu” elan edilməsi və Renatın bunu özünə təhqir hesab edərək mükafatı almaması…

Elbrus Abbasovun təkbaşına 27 qol vuraraq güclülər dəstəsinin A qrupunda bombardir olmasıyla “Alqa” adlı komandanın cəmi 27 qol vurmasının ironik şəkildə müqayisə edilməsi…

Sprinter sürəti ilə fərqlənən Maşallah Əhmədovla bağlı edilən zarafat: “Maşdı da necə razqon götürürsə, tormozu tutmur, meydandan çıxıb, yazıq fotoreportyorları tapdalayır”.

Hələ Banişevski… Hamının sevimlisi. 7 il futbol oynamasa da, ustalığını itirməyən, oyunun son 15 dəqiqəsində meydana çıxıb qol vuran, Pelenin vaxtında Braziliya millisinin qapısına qol vurmasıyla öyündüyümüz məşhur forvard.

O zamanlar “Neftçi” güclülər dəstəsinə yenicə qayıtmışdı. Moskva, Kiyev, Tbilisi, Minsk şəhərlərinin “Dinamo” adlı komandalarının, eləcə də SSRİ paytaxtını təmsil edən “Spartak” və “Torpedo”nun atamanlıq etdiyi liqada “Neftçi”yə çətin idi. Komandamız, indiki dildə desək, deplasmanda həmişə uduzurdu. Nadir hallarda oyunumuz yaxşı alınanda və hansısa güclü komandaya (məsələn, Kiyev “Dinamo”suna və ya “Spartak”a) dirəşəndə isə hakimlər açıq-aşkar tərəf tutur, Bakı komandasının qapısına haqsız penalti verirdilər. Bəzən bir penalti bəs etmirdi, ikisini, üçünü verirdilər, axır ki, “Neftçi”ni məğlub edirdilər.

Silsilə məğlubiyyətlər, xroniki şəkildə liqada 13-cü yeri tutmaq vaqiələri bizi doğma komandamıza azarkeşlik etməkdən vaz keçirmirdi, “Neftçi”yə sevgimizi azaltmırdı. Hər il payızda “Neftçi”nin birtəhər güclülər dəstəsində qalması bizim üçün onun çempion olması kimi bir şey idi.

Bir də umurduq ki, “Neftçi” heç zaman “Ararat”a uduzmasın. O vaxtlar xalqlar dostluğu hökm sürürdü, erməni-azərbaycanlı qardaşlığı haqda mahnılar oxunur, romanlar yazılırdı, qarşılıqlı nikahlar, hər iki millətin təmsilçiləri arasında nikahdankənar sevgi münasibətləri kəllə-çarxdaydı, amma “Neftçi” və “Ararat”ın oyunu sanki iki düşmən ölkənin komandalarının qarşılaşması qədər prinsipial səciyyə daşıyırdı. Uduzmaq olmaz, burada qələbə, İrəvanda ən pis halda heç-heçə lazım idi.

Biz “Neftçi”ni həm də buna görə sevirdik – oyunçularını cəngavər, düşmən çəpəri sayırdıq.

Ancaq srağagün bəlkə də tarixində ilk dəfəydi ki, “Neftçi”nin “Qalatasaray”la oyunu yerli azarkeşlər üçün o qədər də prinsipial xarakter daşımırdı. Əksər azarkeşlər “hər iki komanda bizimdir, hansı qalib gəlir, gəlsin” deyirdilər. İlk dəfəydi ki, “Neftçi” Bakıda uduzdu və biz kütləvi şəkildə pərt olmadıq.

Bir də təsəvvür edək ki, bu matç sovet dövründə, məsələn, 1987-ci ildə baş tutsaydı, necə olardı. Sovet ideologiyasının, təbliğatının təsiri altında olan, özünü SSRİ adlı “vətən”in vətəndaşı sayan, Moskvanı qibləgah bilən minlərlə azarkeşin “Qalatasaray”a münasibəti “Ararat”a olduğundan da pis olardı.

Bax yadelli işğalı budur. O, dosta düşmən, düşmənə dost kimi yanaşmağı tələb edir.

Dünya, dövran çox dəyişib və yaxşı ki, dəyişib.

P.S. Bir önəmli detal da var: Sovet dövründə biz heç vaxt “Neftçi” ilə oynayan hər hansı bir Moskva komandasına azarkeşlik etmirdik.

Xalid Kazımlı

Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu