AFFA-nı onlardan xilas etmək üçün əla şans!

22 Aprel 2020 14:00 Köşə 1 441
AFFA-nı onlardan xilas etmək üçün əla şans!

Neft bu qədər ucuzlaşıbsa, ilk növbədə futbol təsərrüfatına ayrılan vəsait dayandırlmalıdır.

Çünki futbol təsərrüfatına ayrılan milyonlar Azərbaycan cəmiyyətinin inkişafı üçün çimdik boyda da xeyir vermir.

Deməli, daha strateji sahələrin qorunması üçün neftdən pay alan “hazırın nazirləri”nin maliyyəsi kəsilməlidir. Dünya dağılmaz ki, vecsiz azərbaycanlı futbolçular da 1-2 il müəllimin, həkimin, jurnalistin aldığı qədər məvacib alsınlar...

Qoy görsünlər ki, əslində, onlar bacarıqlarının müqabilində yağ-bal içində yaşamırdılar. Futbolçuların “bəy balası” kimi yaşaması mövcud şərtlər daxilində ədalətsizlikdir.

Futbol təsərrüfatına neftdən ayrılan pul kəsilsə, olan-qalan 8 klub da dağılacaq? Cəhənnəmə ki! Kimə lazımdır xalqın cibindən maliyyələşən, gəlir gətirə bilməyən klublar? Kimə lazımdır, qrupda cəmisi 1 xal qazanacaq yığma? Niyə o yığma üçün ildə 10 milyon manat sərf olunmalıdır?

Və ən əsası, neft pulunun futbol təsərrüfatına ayrılması dayandırılsa, Azərbaycan futbolu bu adamlardan, Elxan Məmmədovdan qurtulacaq.

Azərbaycan futbolu üçün qorxulu yuxu maliyyənin kəsilməsi deyil, bu şəxslərin futbol təsərrüfatından uzaqlaşdırılmamasıdır. Kasad büdcə ilə futbol təsərrüfatında daha sağlam idarəetmə mühiti formalaşacaq. Bu da inkişafı şərtləndirəcək.

Neftin pulu futbola ayrılmasa, bunlar AFFA-nın rəhbər postlarından gedəcək. Özü də qaça-qaça. Nəylərinə lazımdır bu post ki, özləri üçün yaratdıqlar “oyuncaq” komandalara da pul ayıra bilməyəcək?

Nəylərinə lazımdır bu post ki, orda il ərzində 3-4 milyon vəsaiti “yuya” bilməyəcəklər?

Neftin pulu futbola ayrılmasa, Elxan Məmmədovun nə iti azacaq AFFA-da?

Dabanına tüpürüb qaçacaq.

Bax, Azərbaycan futbolunun xilası onda başlayacaq. Neftdən futbola ayrılacaq maliyyənin kəsilməsi, bu sahənin böhranı yox, dirçəlişi olacaq.

Siz futbol sahəsini bu insanlardan qurtarmağın başqa yolunu bilirsiniz? Mən bilmirəm. Neftdən futbola ayrılan vəsait kəsilsin!

Natiq Muxtarlı

Xəbər Lenti