Paşinyan “Qisas”dan sonrakı sərsəmləmədən “5” gözləyir

5 Avqust 16:30 Gündəm 2 393
Paşinyan “Qisas”dan sonrakı sərsəmləmədən “5” gözləyir

Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında çıxış edərək Qarabağda ölkəsinin ordusunun olmadığını bildirib.

Paşinyanın bəyanatı Azərbaycan Ordusunun avqustun 3-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri ərazilərdə erməni separatçılara qarşı keçirdiyi antiterror əməliyyatlarına görə öz yaxasını kənara çəkmək məqsədi daşıyır.

Bunu separatçıların silahsızlaşdırılması üçün Azərbaycanın tezislərinə və tələblərinə İrəvanın həyəcanlı reaksiyası kimi dəyərləndirmək olar.

Nikol Paşinyan basqılarla siyasi hakimiyyətini saxlayır, ona olan təzyiqlər imkan verir ki, hiyləgərcəsinə özünə haqq qazandırsın və məsuliyyət yükünü azaldan təəssüratlar yaratsın.

Paşinyan Rusiya sülhməramlılarından da narazılıq ifadə edib, görünür ki, Kreml Ermənistanın müraciətlərinə məhəl qoymur və onu 10 Noyabr bəyanatını icra etməyə çağırır.

Paşinyan Azərbaycanla növbəti təmaslar öncəsi özünü bicliyə vuraraq ikibaşlı tezislər səsləndirir. Paşinyan deyir ki:

1. Azərbaycan 10 Noyabr bəyanatını ləğv etməyə çalışır,

2. Azərbaycan “Dağlıq Qarabağ”ın varlığını tanımalıdır,

3. Azərbaycan “təmas xətti”ni pozmamalıdır,

4. Laçın dəhlizi ilə bağlı razılaşmaya əməl etməlidir.

Paşinyanın bəndlərinin hamısı siyasi həyasızlıq nümunəsidir və hər bir bəndin aydın cavabı var. Birincisi, Azərbaycan 10 Noyabr bəyanatının icrasını pozmur, əksinə, onun həyata keçirilməsində Ermənistanın üzərinə götürdüyü kapitulyant öhdəlikləri yerinə yetirməyə çağırır.

İkincisi, Dağlıq Qarabağ adlı vahid yoxdur, Prezident İlham Əliyev 2021-ci ilin iyulun 7-də imzaladığı fərmanla Qarabağ İqtisadi Zonası yaradılıb və bununla da Dağlıq Qarabağın üzərindən çəkilən xəttə hüquqi əsas verilib.

“Dağlıq Qarabağ” ifadəsi münaqişə dövrünün terminidir, postmüharibə dövründə isə bu anlayış həm nəzəri, həm də təcrübi olaraq tarixin zibilliyinə göndərilib. Olmayan bir subyektin varlığını tanımaq çağırışı qədər diletant yanaşma ancaq Paşinyan və onun kimilərə xas ola bilər.

Üçüncüsü, təmas xətti də münaqişə dövrünün lüğət fondunda işlənib, konflikt bitdiyinə görə təmas xətti də qalmır.

Dördüncüsü, yaxşı olar ki, Paşinyan 10 Noyabr sənədini açıb yenidən oxusun. Həmin bəyanatın 6-cı bəndi Gorus-Xankəndi yoluna (Laçın yolu) alternativ çəkilməsi ilə bağlıdır. Həmin bəyanatda olmasa da, əldə olunan razılaşmaya əsasən, bunun üçün üç il müddət qoyulur.

Üstəgəl, elə Ermənistan özü Laçın yoluna alternativ marşrutun öz ölkəsi ərazisində tikintisinə başlayır. Paşinyan indi nəyi deyir – bunu anlamasaq da, qeyri-müəyyən mövqeyə təəccüblənmirik.

Beşincisi, Paşinyan “Qarabağda Ermənistan ordusu yoxdur” deməklə, Azərbaycana “gedin vurun, olan-qalan separatçıları da öldürün” ismarışını ötürdüyünü anlamır. Bəlkə də, anlayır və ona elə bu lazımdır.

Paşinyanın beş istiqamətdəki sərsəmləmələri başdan-ayağa təhrifedici mahiyyətdədir, Nikol bununla 3 avqustda baş verən toqquşmanın onda yaratdığı qorxunu dilə gətirir və erməni cəmiyyətini gələcək güzəştlər üçün yetişdirir.

Onun daha sonra “Ermənistan Azərbaycanın qərb hissəsi ilə Naxçıvan arasında əlaqəni təmin etməyə hazırdır” deməsi (Zəngəzur dəhlizi) İrəvanın güzəştlər kodeksinin dairəsini genişlədir.

Bu, Azərbaycanın Qarabağda keçirdiyi antiterror əməliyyatının paralelində diqqət çəkir, əvvəlki yazılarımızda qeyd etdiyimiz kimi, Ermənistan sərhəd və sərhədlə bağlı digər məsələlərdə Azərbaycanın tələblərinə boyun əyəcək.

Qarabağdakı “Qisas” adlı antiterror əməliyyatı Azərbaycanın Ermənistanla sərhədə baxış bucağına yeni dərin məzmunlu meyar – Qərbi Zəngəzur amilini gətirir. İrəvan üçtərəfli bəyanatların icrasını bilərəkdən axsatmağa çalışsa, onda Azərbaycan həmin meyarların ölçüsünü hərb meydanında göstərməli olacaq (oxu.az).

Digər Xəbərlər
Xəbər Lenti