Kamran(lar)ın oyuncağı

21 Dekabr 2019 17:36 Azərbaycan Futbolu 2 082
Kamran(lar)ın oyuncağı

Yaxın keçmişdə Azərbaycanda bir nömrəli qapıçı vardı, Kamran Ağayev. Məhz sənətini konkretləşdirə bilməməsi, belə desəm, qeyri-peşəkarlığı ucbatından yolun yarısında dalana dirəndi.

Gah futbolçu oldu, gah meyxanaçı, yumor ustası, gah da şou adamı. Hərəsindən bir az. Amma sonadək birinin qulpundan tam yapışmadı və nəhayət, ortalıqda qaldı. Ayyarımdan sonra 34 yaşını qeyd edəcək dağlı balası, yaxın onilliyin ən istedadlı qapıçısı artıq həvəskar klublara da lazım deyil.

7 aydır meydanların yaşıl örtüyünə ayaq basmayan Ağayevin dünən ağır yol qəzası keçirməsi və xəstəxanaya yerləşdirilməsi ilə bağlı xəbər yayıldı. Yayıldı deyəndə, keçmiş qolkiper vəziyyəti əks etdirən şəkilləri şəxsi "instagram" səhifəsində paylaşıb izləyicilərin haqlı narahatlığına səbəb oldu. Nə qədər olmasa da, sevənləri az deyil.

Amma bir neçə saat əvvəl açdığımız telefon zənginə həmişəki kimi, "gözlə, 1 dəqiqəyə səni yığıram" deməsindən aydın oldu ki, heç bir qəza baş verməyib. Vitrindən düşmüş Ağayev özünü PR eləməyə çalışdığı yerdə vurub gözünü çıxardı. Mətbuata dostlarının onunla zarafat etdiyini və şəkillərin məhz onlar tərəfindən yayıldığına dair xəbər ötürən Kamranın dəyişməklə qəti arası yoxdu. Onu şəxsən tanıdığımdan 13 il keçir, amma bu adamı bir dəfə ciddi görməmişəm. Etdiyi zarafatlar da adətən qeyri-ciddi alınıb. Elə sonuncu kimi. Özünü oyuncaq arxasınca ağlayan uşaq kimi aparır.

Oyuncaq və Kamran demişkən, bu yerdə Ağayevin "Neftçi"dəki adaşı - "ağ-qara" klubu qara günə qoyan Quliyevi yada salmamaq ən azı 82 illik komandanın azarkeşlərinə qarşı günah olar. "Sumqayıt"dan "Neftçi"yə gecəylə prezident təyin olun hacının keçmiş klubu yuxularından çıxmır. "Gənclik şəhəri"nin kasıb təmsilçisi boss Quliyevin real həyatda da kabusuna çevrilib. Ardıcıl iki ildir kubokda "Sumqayıt"a bata bilməyən "Neftçi" varlıqla-yoxluq arasında var-gəl edir.

"Sumqayıt"ı aşağılamaq kimi çıxmasın, Ayxan Abbasovun boyundan çox-çox yuxarı tullanması halal haqqı, gördüyü işin nəticəsi olduğu qədər də Quliyev və kadrlarının "peşəkarlığı", işə qeyri-ciddi yanaşmasının ədalətli sonluğudur. 6 aya yaxındı mətbuatdan qaçan, hər dəfəsində "gələn dəfə, gələn dəfə" deyib bəhanələrlə vaxtı-vaxta calayan Elxan Məmmədovun kadrı "Neftçi"ni konkret "oyuncağ"a çevirib, verib handa bir italyanın əlinə. Azərbaycanın ən zəif məşqçisindən də güclü olmayan Roberto Bordin ağ gün yaşayır, neftin hesabına gələn milyonlardan "qaz vurub qazan doldurur", amma...

Avropanın ən zəif çempionatları sırasına daxil Moldovada "Şerif"lə təsadüfi uğur əldə edən Bordin "Neftçi"ni caynağına necə keçiribsə, qovulmağı üçün daha nələr etmir, nələr... Lakin təzminatın ağırlığını dərk edən başbilənlər qorxularından ağızlarına su alıb oturublar, daş dinir, dəmir dinir - onlardan səs çıxmır. "Neftçi" isə gündən-günə zəifləyir, geriləyir, milyonların qarşılığında itib-batmaq üzrədir. Premyer Liqada mövsümü medalsız başa vursalar, təəccüblənməyin, qanunauyğunluq sayın.

Qeyri-peşəkarların idarə etdiyi, tapşırıqla oyunçu götürüldüyü, ayı 5 min əvəzinə 50 minə oynayan futbolçuların toplaşdığı komanda başqa effekti verə də bilməz, zatən. Büdcəsi "Neftçi"dən hardasa 10 dəfə az olan "Sumqayıt"ın kubokda bu rəqibə endirdiyi "tərs sillə" qış fasiləsiqabağı rəhbərliyə, sponsorlara dərs olmalıdı. Əks halda, Kamran Quliyev və adamları bu klubu "oyuncağ"a çevirməkdə haqlı sayılacaq.

Elvin ƏHƏD

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!