Hazırda Bakıda keçirilən idman atıcılığı üzrə Dünya Kubokunda Türkiyə millisi də iştirak edir.
Qardaş ölkənin atıcı və məşqçi heyəti günboyu Bakı Atıcılıq Mərkəzində isti münasibətlə qarşılaşır ki, bu da səbəbsiz deyil.
Çünki qardaş ölkənin yığmasında əslən azərbaycanlı məşqçi işləyir. Bu isə əlaqələrin yaranmasında və inkişafında rol oynayır.
Rəhim Cavadi cənubi azərbaycanlı olsa da, indiyə qədər İran, Azərbaycan və Türkiyə yığmalarında fəaliyyət göstərib.
Onunla müxtəlif mövzular ətrafında söhbətləşmək yerinə düşdü. Rəhimin Sportinfo.az-a müsahibəsini təqdim edirik.

- Sizi yaxından tanımaq xoş olar.
- Əslim İran türklərindəndir, Urmiya şəhərindən. Məşqçilik karyerama İran millisində başlasam da, sonradan 4 il gözəl ay-ulduzlu bayrağa sahib Azərbaycan seçməsində işlədim. Artıq 4-cü ildir Türkiyənin həm yığma, həm də Olimpiada məşqçisiyəm.
- Yəqin ki, vaxtilə özünüz də peşəkar atıcılıqla məşğul olmusunuz.
- Əlbəttə. Təxminən 25 ildir bu sənətdəyəm. 15 ilə yaxın atıcı kimi məşğul olmuşam, son 10 ili məşqçi kimi çalışmışam.
- Atıcı kimi beynəlxalq uğurlarınız olub?
- Düzünü desəm, yox. Çox çalışdım, çox istədim, amma alındıra bilmədim. O vaxt əcnəbi məşqçimiz var idi, mənə dedi, sən ən yaxşısı məşqçiliyə başla. Dedim, yox, medal qazanmamış məşqçiliyə başlayan deyiləm.
- Qazandınız?
- (gülür) Yox-yox, imkan vermədi axı. O qədər “səndən medal qazanan olmayacaq” dedi ki, axırda başını buraxdım. Eşidəndə ki, məşqçiliyə başlamaq istəyirəm, dərhal məni milliyə öz yanında işləməyə çağırdı. Bir müddət işləyəndən sonra hamımızın fəxri olan İrada Aşumova mənə Azərbaycan yığmasında çalışmağı təklif etdi. Sevə-sevə qəbul edərək gəldim.
- İndi Türkiyə millisindəki işiniz nədən ibarətdir?
- Yığmanın baş məşqçisiyəm. Yanımda bir nəfər idarəçi-köməkçim var.

- Türkiyə Dünya Kubokunun indiyə qədər yalnız bir medal – “bürünc” qazanıb. Davamı gələcək?
- Nə yalan deyim, əsas şanslarımız əldən çıxıb. Bunun da səbəbi var. Beynəlxalq İdman Atıcılığı Federasiyası (İSSF) yarış proqramını əlverişsiz tərtib edib. İndiyə qədər bu cür bərbad təqvim görməmişdim. Təşkilatçılarla işim yoxdur, Azərbaycan Atıcılıq Federasiyası (AAF) üzərinə düşən işi möhtəşəm yerinə yetirir. Fürsətdən istifadə edib AAF-ın baş katibi Emin Cəfərova təşəkkür edirəm.
- Proqramdakı problem nədən ibarət idi?
- Təşkilatçılar ölkələrin yarışa çatma vaxtını bilə-bilə ilk oyunumuzu açılış gününə salıblar. Təsəvvür edin, mayın 27-si Bakıya gəldik, ayın 28-i səhər 8-də uşaqlar artıq atış meydançasında məşqdəydi. Saat 11-də isə yarışa başladılar. Mənim Ömər Akgün adlı atletim var, Olimpiada dördüncüsüdür. Adam hər gün 630 dəqiq atış edirdi, burada 623 atışı oldu. Adamın ayaqlarında güc qalmamışdı yorğunluqdan. Dedi, müəllim, 623-ü də atmışamsa, qəhrəmanam, alsızlıqdan ayaq üstə dayana bilmirdim. Yusuf Dikeç var, 45 dəfə dünya, 7 dəfə Avropa çempionu. O da zaldakı işıqlandırmaya görə uğursuz oldu. Və beləcə 2 medal şansını əldən vermiş olduq.
- Azərbaycan millisi niyə bərbad nəticə ilə yadda qaldı? Hər halda burada işləmisiniz, vəziyyətlə az-çox tanışsınız.
- Azərbaycan yığmasının niyə bu durumda olduğunu çox gözəl bilirəm, amma bu barədə danışmaq istəmirəm. Danışmayacağam. İstəmirəm.
- Niyə?
- Çünki o mövzu mənim üçün bağlanıb. İndi federasiyaya yeni rəhbər təyin olunub. Gördüyüm və eşitdiyim odur ki, adam çox yaxşı işlər görməkdədir. Bu cür davam etsə, ən qısa zamanda birlikdə uğurlara sevinəcəyik. Azərbaycanda çox yaxşı və atıcılığa həvəsi olan insanlar var.
- Elə onu bilmək istəyirəm. Bu işi bacaranlar var?
- Var, vallah, var.

- Xırdalıqlara varmayaq. Azərbaycan atıcılığında ümumi problemdən danışaq.
- Ən böyük problem ölkə atıcılığının yalnız Bakını əhatə etməsidir. Atış şəraiti bir Bakıdadır, bir də təzəliklə Salyanda yaradıblar. Hə, biri də Qəbələdədir. Amma ölkənin reytinq adına bir qəpiklik faydası yoxdur. Qəbələdə neçə ildir o böyüklükdə mərkəz var. İndiyə qədər kim yetişib orda? Atıcılıq ancaq Bakıdadır, belə olmaz axı. 10 milyonluq ölkədə 50-60 atıcı tapılmır. Ayıbdır, ayıb. Ümid edirəm ki, yeni rəhbər nöqsanları bilir və ən qısa zamanda aradan qaldırılmasına nail olacaq. Azərbaycanda inkişaf üçün hər cür şərait var. Yetər ki, təməli düzgün qoyub, doğru istiqamətdə irəliləyəsən. Bir söz deyim.
- Buyurun...
- Mən Azərbaycana gedəndə tüfəng atıcısı yox idi, hamı tapancadan atırdı. İradə xanım məni bura dəvət edəndən sonra tüfəng atıcıları yetişdi. Yaxşı işlər görürdük. Sonra nə oldu? Badalaq vurdular, psixologiyamı pozdular, çıxıb getdim.
- Atıcılığın coğrafi miqyasını genişləndirmək lazımdır, bunu anladım. Başqa?
- Hər şeydən əvvəl təcrübəli məşqçilər cəlb olunmalıdır. Bölgələrə silahlar, pistonlar, geyimlər, lazım olan avadanlıqlar alınmalıdır. Yerli məşqçilərə təhsil vermək, təcrübə qazandırmaq lazımdır. Ruslan Lunyovun atası Vladimir Lunyov savadlı məşqçidir, çox bilir. Gənc Ruslan da var, məşqçi, onu da mən yetişdirmişəm. İndi nələrsə etmək istəyir, 10-15 uşaq toplayıb yanına. Bayaq zalda görüşdük, məni tələbələri ilə psixoloji yüksəliş mövzusunda söhbət etmək üçün çağırdı. İndi gedib azərbaycanlı balalarımla görüşüb, danışacam. Bu ölkənin 1 yox, 10 Lunyovu olmalıdır. Belə deyim, 10 milyonluq ölkənin 500 atıcısı, 50 məşqçisi olmalıdır ki, ortaya 10 Lunyov çıxsın. Və həmin 10 Lunyovdan 3-4 medal gözləmək mümkün olsun. İnanır və ümid edirəm ki, Azərbaycan atıcılığı hazırkı diqqət və qayğının sayəsində ən qısa zamanda böyük uğurlara imza atacaq.
Həbib Aslanov
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə hazırlanıb.


