İlham Səmədov 1974-cü ildə Gəncə şəhərində anadan olub. Gənc yaşlarından futbolla məşğuldur,
Güclülər dəstəsi və birinci Divizionda bir çox komandaların formasını geyinib. Karyerasını bitirdikdən sonra məşqçiliyə başlayıb.
İlk iş yeri Azərbaycan Texnologiya Universiteti olub. Oranın futbol komandasında məşqçilik həyatına start verib.
2009-cu ildən «Təhsil» Respublika İdman Mərkəzinin Gəncə şəhər filialında çalışır, 2015-ci ildən məktəbin futbol bölməsinin baş məşqçisidir.
Onlarla uşağa futbolun sirlərini öyrədib. Hazırda «Təhsil»lə yanaşı, «Kəpəz» PFK-nın koordinatorudur. Ona ilk sualımız bu barədə oldu:
- Yetirmələrinizin əksəriyyəti müəyyən yaş həddinə çatdıqdan sonra futbolu atıb. Bu, sanki yetişdirdiyiniz ağacın bəhrə vermək ərəfəsində qurumasına bənzəyir. Səbəblər hansılardır?
- Ən əsası, ardıcıllığın olmaması. 13 ildir ki, uşaq futbolundayam. Onlarla uşağa futbolun sirlərini öyrətməyə çalışmışam. Aralarında potensiallı uşaqlar çox olub. Bilirsiz ki, Gəncə futbol şəhəridir. Burada istedadlı uşaqlar həmişə olub. Təəssüf ki, Gəncə futbolunun son illərdəki vəziyyəti həmin uşaqların itib-batmasına səbəb olub. Ardıcıllıq deyəndə nəyi nəzərdə tuturam? Məsələn, uşaq U-15 liqasında oynayır, amma növbəti il oynamalı olduğu U-16 komandası olmur. Yaxud U-17 liqasında çıxış edir, gəl ki, U-19 komandası olmadığı üçün çətin vəziyyətə düşür. Əksəriyyəti məhz bu üzdən futboldan uzaqlaşır. Doğrudur, bu uşaqların bir hissəsi Bakıdakı və Qəbələdəki akademiyalara götürülür. Amma bu, heç də hamıya qismət olmur. Əgər ardıcıllıq pozulmasa, daha çox futbolçu üzə çıxara bilərdik. Başqa bir səbəb «Kəpəz»in Premyer Liqada çıxış etməməsidir. Əgər komandamız Premyer Liqada oynasaydı, əvvəlki illərdə istər-istəməz bütün yaş qrupu üzrə komandalarımız olardı, ardıcıllıq pozulmazdı.
Digər səbəblərə gəlincə, bura futbolçunun ən böyük düşməni olan zədələri, valideyn amilini, hərbi xidməti və s. daxildir. Valideyn amilini niyə qeyd edirəm, uşaqlar var ki, futboldankənar həyatlarına - təhsilə, davranışa, əyləncəyə və digər məqamlara valideyn nəzarət etməlidir. Bu nəzarət olmadıqda, uşaq istər-istəməz peşəkar futbolçu kimi yetişə bilməz.
- Hansı yetirmənizin futbolu atması sizi daha çox «yandırır»?
- Elələri çoxdur. Ən çox 2001-2005 təvəllüdlü futbolçularımın futboldan uzaq düşməsi mənə pis təsir edir. Ələlxüsus da, Sərxan və Orxan Rüstəmov qardaşlarının, Həsən Seyfullayevin, Raul Əlizadənin, Rəşid Zeynalovun, Umud Həmzəyevin, Elmir Bayramovun… Adlarını çəkdiyim futbolçuların hamısı indi hərbi xidmətdədi. Sağ olsunlar, məşqçilərini unutmurlar, hərdən yada salırlar. Bilirsiz, mən uşaqlara həm məşqçi, həm də valideyn olmağa çalışmışam. Görünür ki, bu, məndə alınıb deyə, yada salırlar. Hərbi xidmətdə olmaq hər bir vətəndaşın borcudur. Amma futbolçuların itməməsi üçün müəyyən sistem olsaydı, gənclər həm xidmətlərini edərdilər, həm də karyeralarını davam etdirərdilər. Yadınızdadırsa, 90-cı illərdə Azərbaycanda «Dinamo», «Qartal», «Ədliyyə», OİK və s. komandalar var idi. Potensiallı gənclər həmin komandalarda həm futbol oynayırdılar, həm də xidmət edirdilər. İndi təkcə MOİK qalıb.
- Səhv etmirəmsə, bu futbolçulardan bəziləri ötən mövsüm keçirilən Gənclər Kubokunda «Kəpəz»in heyətində idi. Yaxşı da nəticə göstərmişdiz. Komanda yarımfinala kimi irəlliləmişdi. O heyətdən kimlər futbolda qalıb?
- Ötən mövsüm turnirə tam hazırlaşa bilməmişdik. Pandemiyaya görə məşq keçmirdik. Hazırlıqsız olmağımıza baxmayaraq, komandada ruh yüksəkliyi var idi. Təsəvvür edin ki, «Zirə», «Neftçi» kimi komandaları turnirdən kənarlaşdırdıq. «Sabah»la yarımfinal oyununda da səfərdə son dəqiqə qolları ilə məğlub olduq. Gəncədə keçirdiyimiz 3 oyunda qapımızdan 1 qol belə buraxmamışdıq. Heyətdə cəmi 1-2 futbolçu 2002-ci il təvllüdlü idi. Qalanlarının 15-18 yaşlar var idi. Təəssüf ki, o komandanı qoruyub saxlaya bilmədik. Fikrimiz var idi ki, komandanı builki Gənclər Liqasında oynadaq. Rəhbərlik də bunda maraqlı idi. Amma maliyyə tərəfdən çətinliklə üzləşdik və U-17-nin üzərində dayanmalı olduq. Gənclər Liqasında komanda bir oyunu evdə keçirirsə, növbəti oyun səfərdədir. Qəbələni çıxmaq şərtilə hamısı Bakıda. Yol xərci, üstəlik, futbolçulara peşəkarlığın bir addımlığında olduqları üçün müəyyən həvəsləndirici məbləğin verilməsi və s. xeyli xərc tələb edirdi. Zaman göstərdi ki, əksər futbolçular üçün həmin turnir karyeralarında sonuncu oldu. Qalanları var. Röyal Əhmədov, Arzu Atakişiyev, Cavad Kərimov, Nihat Fərəci, Mahir Həsənov, Nicat Verdiyev, qapıçımız Pərvin Zeynalov «Kəpəz»dədi, daha 3-4 futbolçu Region Liqasında çıxış edən «Gəncə»də oynayır. Bizə turnirdə qoşulan tovuzlu Məhəmməd Tağıyev «Səbail-2», əsas komandadan götürdüyümüz Nika Baçaliaşvili isə «Qəbələ-2»dədir. Vəssalam. Yəni, Gənclər Liqasında «Kəpəz»in şərəfini qoruyan futbolçuların yarıdan çoxu, təəssüf ki, peşəkar səviyyəyə yüksələ bilmədilər. Bu uşaqlar 7-8 yaşından yanımda idilər. Onların futbolu atmaları mənə çox pis təsir edir. Bir məşqçi kimi özümü bağışlaya bilmirəm.
- Amma daha 2 yetirməniz var ki, karyeraları ilə öyünə bilərsiz. Söhbət öz övladlarınızdan gedir…
- Bir yetirməm - qadaşım oğlu Nizami Səmədov da «Zirə»dədir. Potensiallı gəncdir. Övladlarıma gəlincə, Əlinin gənc yaşlarında karyerası uğurlu alınmışdı. 2015-ci ildə «Kəpəz»də debüt etmişdi. Komandanın ovaxtkı baş məşqçisi Şahin Diniyev onu əsas komandaya götürmüşdü. U-17, U-19 millilərinə daim cəlb olunurdu. Sonradan «Kəpəz» kimi, Əlinin də karyerasında eşin dövrü başladı. Bunun da əsas səbəbi Diniyevdən sonra gələn məşqçilərin Əlini oynatmaması oldu. Bu gün komandanın kapitanıdır, əsas futbolçulardan biridir. Təbii ki, bununla qürur duyuram. Amma fikrimcə, karyerası daha parlaq ola bilərdi…
- «Kəpəz»dən söz düşmüşkən, heyətdə gəncəli futbolçuların az olması diqqət çəkir…
- «Kəpəz»in əsas heyətində hazırda 4 gəncəli var - Əli və Ümid Səmədovlar, Röyal Əhmədov və Cavad Kərimov. Ümidlə Röyal 2003-cü il, Cavad isə 2004-cü il təvəllüdü. Əlbəttə komandada yerli futbolçuların sayı azdır - 8-9 gəncəli var, hansıların ki, çoxunun hələ 19 yaşı olmayıb. Amma bunun əsas səbəbi, bayaq qeyd etdiyim kimi, Gəncə futbolunda durğunluğun olmasıdır, futbolçuların az yetişməsidir. Digər səbəb «Kəpəz»in istər Premyer Liqada olduğu vaxtlar, istərsə də Divizionda çıxış etdiyi dönəmdə həmişə iddialı olması, yüksək yerlər uğrunda mübarizə aparmasıdır. Bu üzdən, baş məşqçimiz Yaşar Vahabzadənin kənardan keyfiyyətli futbolçu dəvət etməsi normal haldır. Bu, həm də heyətdə olan yerli gənclərin inkişafına da təkan vermiş olur. Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, əsas heyətdə çıxış edən yerli futbolçular, həmçinin komandada olan 2005-ci il təvəllüdlü Arzu Atakişiyev - hamısı mənim yetirməmdi. İstərdim ki, bu say 10, 15 olsun. Amma Gəncə futbolunun hazırki durumu buna imkan vermir. Əminəm ki, vəziyyət yaxşılaşdıqca bu say dəfələrlə artacaq. Bir məqama da toxunmaq istərdim. Yerli gənclərin bu gün «Kəpəz»in əsas heyətində olmasının bir səbəbkarı da Yaşar Vahabzadədir. Elə öz oğlumdan götürüm. Ümidin bu səviyyəyə gəlib çatmasında Yaşar müəllimin rolu danılmazdır. Etibar İbrahimovun da zəhmətini yaddan çıxarmaq insafsızlıq olardı. «Kəpəz»i çalışdıranda Ümidi komandaya dəvət etdi. Onda oğlumun cəmi 14 yaşı var idi. «Ağsu» ilə oyunda qol vuranda heç 15 yaşı tamam olmamışdı. Bu gün Ümidin U-21 yığmasına kimi yüksəlməsində, digər gənclərin millilərə çağırılmasında həm «Kəpəz»in məşqçilər korpusunun böyük əməyi var. Onların yerinə kənardan təcrübəli futbolçular gətirə bilərdilər. Əgər uşaqlara inanıb, onlara oynamaq üçün şərait yaratmasaydılar, bu gün həmin uşaqlar da itib-batacaqdılar. Gəncədə istedadlı gənclər çoxdu, heyf ki, cəmi 1 komandamız var…
- Gəncəli gənclərin futbola erkən vidalaşmasının bir səbəbini bildik. Başqa hansı problemlər var ki, uşaqlar peşəkar futbola yüksələ bilmirlər?
- Fikrimcə, bir uşağın peşəkar futbolçu olmasında ən əsası idman bəxtidir. Bəxt böyük amildir. Amma hər şeyi də bəxtlə bağlamaq olmaz. Zədələr, valideyn amili və başqa məqamlar da var ki, futbolçunun futbolu atmasına səbəb olur. Valideyn amilinə xüsusilə toxunmaq istərdim. Demirəm ki, validyenlər məşqçilərin işinə qarışır. Məsələ burasındadır ki, biz məşqçilər üzərimizə düşən işi yerinə yetiririk. Amma bəzi valideynlər var ki, öhdəliklərini yerinə yetirmirlər. Valideyn məşqçinin meydandan kənardakı köməkçisi olmalıdı - övladının futboldan kənar həyatına diqqət yetirməlidi, məşqlərə gəlib-getməsini təmin etməlidi, təhsili, tərbiyəsi ilə məşğul olmalıdı və s. aiddir. Təəssüf ki, hərdən övladının taleyi ilə maraqlanmayan validenylərlə də rastlaşırıq.
- Siz həm də Gəncənin amputant futbolçulardan ibarət komandasının baş məşqçisi və rəhbərisiniz…
- Bunun maraqlı tarixçəsi var. Bir neçə il əvvəl gəncəli amputant futbolçular mənə müraciət edərək baş məşqçisi olduğum «Təhsil»in balansında olan meydanda məşq etmək istədiklərini bildirdilər. «Təhsil»in rəhbərliyi onlara şərait yaratdı. Məşqlər başlayanda dedilər ki, məşqçimiz yoxdur, bəlkə elə bizə məşqi də siz keçəsiniz. Mənim üçün qazilərlə işləmək böyük şərəf idi və razılaşdım. Elə o vaxtdan bu komandanın baş məşqçisi və rəhbəriyəm. Müxtəlif yarışlarda, turnirlərdə iştirak edirik. Uğurlarımız da var. Bu gün amputant futbolçulardan ibarət milli komandamıza 3 futbolçumuz - Hüseyn Hüseynov, Natiq Əliyev və Elçin Həmidov mütəmadi dəvət alırlar. Futbol həyatımızın ayrılmaz bir hissəsinə, həyat tərzinə çevrilib. Futbolu hamı sevir - uşaq da, qoca da, kişi də, qadın da, varlı da, kasıb da, o cümlədən, sağlamlıqlarını Vətən yolunda qurban verən qazilər də. Bizim də borcumuz onları futbolsuz qoymamaq, futbol arzularının gerçəkləşməsinə yardımçı olmaqdı.
Xanoğlan İmanov
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə hazırlanıb. 

