PFL-dən cavab gəldi: “Son qərar bizə məxsusdur”

4 Aprel 2022 18:00 Araşdırma 1 246
PFL-dən cavab gəldi: “Son qərar bizə məxsusdur”

“Oyun vaxtlarının təyin olunması ilə bağlı çempionatın yayım hüququna məxsus CBC Sport kanalı ilə ümumi məsləhətləşmələrimiz olur.

Amma görüşlərin yekun vaxtı ilə bağlı son qərar Peşəkar Futbol Liqasına məxsusdur”.

Peşəkar Futbol Liqasının Texniki İdman Şöbəsinin rəisi Elgiz Abbasov Sportinfo.az-a açıqlamasında çempionat görüşlərinin başlama vaxtı ilə bağlı açıqlama verib.

21-ci tur çərçivəsində baş tutan “Qəbələ” – “Keşlə” görüşündən sonrakı mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Elmar Baxşıyev oyunun 15:00-da – isti hava şəraitində başlamasına etiraz etmişdi.

Sitat: “Oyun çox erkən başladı. Hava çox isti idi. Ümid edirəm ki, bunu nəzərə alıb gələn dəfə futbolçulara uyğun vaxt təyin edərlər”.

PFL rəsmisinin Baxşıyevin dediklərinə cavabı belə olub: “Oyunların vaxtının klublarla razılaşdırmaq baxımından hər hansı bir öhdəliyimiz yoxdur.

Elmar Baxşıyevin fikirləri ilə Peşəkar Futbol Liqasının oyundan sonrakı mətbuat konfransında lentə aldığı kadrlar vasitəsi ilə tanış olmuşam.

Elmar Baxşıyevə həm futbolçu, həm məşqçi, həm də insan kimi böyük hörmətim var. Düşünürəm ki, öz məşqçiliyi ilə çempionatımıza rəng qatıb.

Mətbuat konfransında səsləndirdiyi fikirlərdə hər hansı bir ciddi etiraza rast gəlmədim və bunu bu tip dəyərləndirmək olmaz. Sadəcə olaraq öz fikrini bildirib.

Əlbəttə ki, hər şeydən öncə oyunçuların sağlamlığı bizim üçün önəmlidir.

Peşəkar Futbol Liqası oyun vaxtını təyin edərkən hər zaman hava şəraitini nəzərə alır, amma özünüz də bilirsiniz ki proqnozlar həmişə düz olmur və nəzər almaq lazımdır ki, biz oyun saatını adətən 10 gün, 1 həftə qabaq açıqlayırıq.

Yekunda onu da bildirim ki, oyun saatları həmişə olduğu kimi havalar isindikcə buna uyğunlaşdırılacaq”.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti