.Şimali Makedoniya millisinin İtaliyanı məğlub edib (1:0), dünya çempionatının “qapısını aralaması” Azərbaycanda böyük səs-küyə səbəb oldu.
Bütün cəhətlərdə ölkəmizdən geri qalan makedonların məlum uğurundan sonra ağıllarda dolaşan “Azərbaycan millisi də nə vaxtsa həmin uğura çata biləcəkmi” sualıdır.
Elə bu sualla uzun illə ölkəmizdə işləmiş, futbolumuzu əlinin içi kimi tanıyan Borçe Xristova müraciət etdik.
Hazırda ölkəsində “Rabotniçki” komandasını çalışdıran təcrübəli mütəxəssis məlum məsələ ilə bağlı Sportinfo.az-a bunları dedi:
“Heç kim inciməsin, amma çətin görünür, çox çətin. Halbuki Azərbaycan futbolunun inkişaf etmək şansı bizdən çoxdur. İmkanlı ölkədir, pul var, hər cür şərait var. Qalır düzgün sistem qurub, arxasınca getmək.
Futbolçuda idmançı mentaliteti vacib amildir. O, uşaq vaxtı necə görüb-öyrənirsə, o cür də davam edir.
Ona görə də yeniyetmə vaxtından ona doğru yol göstərilməlidir, peşəkarlıq görməlidir. Sizi inandırım, uşaq futbolla yaşayanda onu futbolçu etməyə gərək qalmır.
Özü futbolçu olur. Uşağa futbolu yox, futbol mentalitetini öyrətmək lazımdır.
Yəni ki, uşağa işə yanaşmanı öyrətməlisən. Məşqdə davranış qaydası, udanda nə etməli, uduzanda nə etməli, qidalanma, istirahət – təməli bunları izah etməklə qoymaq lazımdır. Uşaqda futbol mentaliteti yoxdursa, futbolçu olması çətin işdir”.
Borçe Xristov Azərbaycana vaxtilə “Bakı”nı çalışdırmış Qyoko Hacievskinin təklifi əsasında gəlib. Uzun illər “Qarabağ”ın akademiyasında və əsas komandada işləyib. U-21 millimizdə Rəşad Sadıqovun köməkçilərindən olub.

