Dünya futbolunun ulduzu Robert Levandovskinin “Qarabağ”la “Neftçi”nin sabiq futbolçusu Vild-Donald Geryeni ad günü münasibəti ilə təbrik etdiyini xəbər vermişdik.
Saytımızda da yayımlanan həmin video ağıllarda sual canlandırmışdı: Levandovski hara, Gerye hara?
Biri polşalı, o biri haitili. Və klub miqyasında da yolları heç vaxt kəsişməyib.
Düzdür, sabiq “Qarabağ”lının kareyrasının bir hissəsi Krakov “Visla”sına bağlıdır. İndinin özündə də Polşada legioner həyatı yaşayır.
Amma dünyanın ən yaxşısı futbolçusu ilə Azərbaycanda oynamış haitilini birləşdirən karyera yox, aradakı bir nəfərdir.
Həmin şəxs də futbolçudur – Slavomir Peşko. Hazırda Geryenin də heyətində top qovduğu “Wieczysta Krakow”un futbolçusu və kapitanı.
Vild-Donaldın Peşko ilə dost münasibəti var.
Futbolçuların polşalı xanımlarını da rəfiqə hesab edə bilərik.
Həmin Peşko isə Levandovski ilə yaxın dostdur. 37 yaşlı Slavomir Polşa millisində 10 il Robertin komanda yoldaşı olub. Tək millidə yox, həm də Poznan “Lex”ində.
Leva 2010-cu ildə Dortmund “Borussiya”sına transfer olunmamışdan əvvəlki 2 ili məhz “Lex”də oynayıb və Peşko ilə birlikdə əsas heyətin əvəzolunmaz üzvü sayılıb. İndiyə qədər də münasibətləri əladır. Danışır, görüşürlər.
Geryenin ad günü ərəfəsində Slavomir kapitan qismində sürpriz etmək üçün Robert Levandovskidən haitili futbolçunun adını çəkərək onu təbrik etməsini xahiş edib. “Bavariya”nın ulduzu da sağ olsun, xahişi geri çevirməyib.
Bu yerdə deyiblər, adamın gərək adamı ola....
HƏBİB / SPORTİNFO,AZ

