Makedoniyanın uğurunda “Qarabağ”lı futbolçunun qol ötürməsi – MARAQLI FAKT

25 Mart 2022 20:40 Araşdırma 2 448
Makedoniyanın uğurunda “Qarabağ”lı futbolçunun qol ötürməsi – MARAQLI FAKT

Şimali Makedoniyanın əsas vaxta əlavə olunmuş 2-ci dəqiqədə İtaliyanın qapısına vurduğu qolu gördünüz?

Millinin ən məhsuldar futbolçusu Aleksandr Traykovski cərimə meydançasının kənarından öldürücü zərbə ilə topu Donnarummanın qoruduğu qapının uzaq küncünə göndərdi.

Bəs həmin qolun ötürməsini verən Boyan Miovskini tanıdınız?

Yəqin ki, sabiq “Qarabağ”lı çoxunuzun xatirində qalmayıb.

Millidə 5-ci oyuna çıxan, üst-üstə cəmi 98 dəqiqə meydanda olan 22 yaşlı futbolçu hazırda Macarıstan MTK-sının uğurları üçün tər tökür.
Miovski 18 yaşında icarə əsasında “Qarabağ”ın U-19 komandasının formasını geyinib.

2017/18 mövsümündə - “Qarabağ”ın əsas komandası Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan ildə Rəşad Sadıqovun rəhbərlik etdiyi U-19 komandasının üzvləri Gənclər Liqasında “Roma”, “Atletiko” və “Çelsi”dən olan həmyaşıdları ilə mübarizə aparmışdı.

Boyan 3 matçda 212 dəqiqə top dalınca qaçmışdı.

Rəşad Sadıqov komandasının uğurlu çıxış etməsi üçün ölkə xaricindən “Qarabağ”a 3 əcnəbi dəvət etmişdi. Ukraynadan Yarsolav Deda idi, Şimali Makedoniyadan Oliver Stoimenovski ilə Boyan Miovski.

Stoimenovski hazırda vətənində “Boreç”in uğurları üçün tər tökür. Deda isə 2020/21 mövsümünü Ukraynanın aşağı liqa təmsilçisi “Karpatı Halıç”da keçirsə də, avqustdan bu yana oynamır.

Miovski isə U-21-in heyətindəki parlaq çıxışdan sonra artıq əsas milliyə də dəvət almağa başlayıb. Və dünya çempionatının final mərhələsinə gedən yolda komandasının qələbə qolunun ötürməsini verməklə alqış qazandı.

2017-ci ildə “Qarabağ”ın sıralarında olanda cəmi 18 yaşı vardı və təcrübəli futbolçuların cəmləşdiyi əsas komandada oynaması real görünmürdü.

O isə ehtiyatda oturmağı yox, mütəmadi oynamağı düşündüyündən, həmin dönəmdə müqavilə ilə məxsus olduğu “Rabotniçki”yə qayıtmışdı.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti