"Düşündüm ki, "Neftçi" formasın mütləq geyinməliyəm"

26 Aprel 2020 18:40 Zirə 1 340
"Düşündüm ki, "Neftçi" formasın mütləq geyinməliyəm"

Koronavirus pandemiyasına görə yaranmış fasilə ən çox ziyanı idman mediasına vurub. Bu da əbəs deyil. Çünki bütün növ idman yarışları tam dondurulub və məşqlər belə keçirilmir.

Sportinfo.az belə vəziyyətdə oxucuların vaxtını daha səmərəli keçirməsi üçün "Keçmiş, bu gün, gələcək" adlı başlatdığı yeni rubrikanı davam etdirir. Burda yalnız yerli futbolçular iştirak edir. Hazırlanmış suallar iştirakçıların keçmişi, bu günü və gələcəyi ilə bağlıdır.

Rubrikamızın bu dəfə ki qonağı Azərbaycan millisinin və "Zirə"nin yarımmüdafiəçisi Cavid Hüseynovdur.

- Azərbaycanda uşaqlar futbola müxtəlif səbəblərdən gəlir. Kimisi istedadına görə, kimisi valideyn məcburiyyətindən, kimisi də gələcəkdə yaxşı pul qazanmaq həvəsi ilə bu yola üz tutur. Səndə bunlardan hansısa olub, yoxsa tamam fərqli versiyadır?

- Məndən iki yaş böyük qardaşımla həyətdə çox oynayırdıq. Düzdü, mən tənbəl olmuşam, amma o üzərində çox işləyirdi. Hər səhər mən yatıb qalırdım, o, davamlı olaraq stadiona gedib qaçırdı. Ona baxaraq futbola gəlmişəm. Futboldan əvvəl iki il gimnastikaya getmişəm. Qardaşımın təkidi ilə futbola gəldim. Anama tez-tez deyirdi ki, gimnastika nədi axı bu gedir. Mən də gimnastikanı futbola dəyişdim. Sonradan qardaşımın səhhətində problem oldu deyə, məşqlərə gedə bilmədi. Amma mən davam etdim.

- Zaman-zaman uşaq futbolunda olan rüşvətdən danışılır. Belə halla nə vaxtsa üz-üzə qalmısanmı?

- Bizim vaxtımızda pul-para yox idi. Formamız 1 dəst olurdu. Top pulu yığılırdı və kimin gücü çatırdısa formaya da pul verirdi. Məsələn, mənim heç vaxt pul verməyə gücüm çatmayıb. Yerimə hər zaman Rəhman müəllim öz cibindən ödəyib, futbol ayaqqabımı və vitaminləri də o alıbdı. Müharibədən təzə çıxmışdıq imkanım yox idi. Hətta oyunlara getmək üçün avtobus pulu yığılırdı onu da verə bilmirdim. Rüşvət yox, amma lipa məsələsi var idi. Çox uşaq yaşını düzəldirdi. Amma mənə təklif olunsa da mən bunu etməmişəm.

- Bəzən futbol sevgisi oxumaq həvəsini arxa plana atır. Səndə necə olub? Ümumiyyətlə, oxumaq həvəsin olubmu?

- Hər zaman oxumağa çalışmışam. Normal da oxuyurdum. Amma elə alındı ki, 16 yaşımda mən Tovuza getməli oldum. Bundan sonra oxumağın üstünə çox düşə bilmədim.

- İstənilən futbol həvəskarının mütləq ki, bir idealı olub. Səndə bu kim idi?

- Uşaqlıqdan Argentina azarkeşiyəm. Amerika çempionatındakı oyunlara görə saat 5-ə qədər oyaq qalırdım. İki qardaş oturub oyunlara baxırdıq. Ən çox sevdiyimiz futbolçu Maradona olub. Ondan sonra braziliyalı Ronaldonu daha çox bəyənirdim.

- Azərbaycan insanı gələcəyini çox düşünəndir. Məsələn, əlinə bir az pul keçən kimi ev almağı, obyekt açmağı düşünür. Səndə bu baxımdan vəziyyət necədir?

- Normaldı vəziyyətim. Bacardığım qədər nəsə eləmişəm. Mən sol-sağa gedən adam deyiləm. Çalışmışam ki, ailəmi düşünüm. Çünki mənim elə bir anam var ki, heç o buna imkan verməz.

- Hər futbolçunun öz potensialına görə, xəyal etdiyi karyerası olur. Səncə, potensialın imkan verən ən yüksək nöqtəyə çata bilmisən yoxsa daha çoxuna nail ola bilərdin?

- "İnter"də oynadığım iki ildə çox püxtələşdim. Bert Foqts məni milliyə dəvət etdi. O vaxt artıq "İnter"ə Kaxaber Tsxadadze baş məşqçi gəlmişdi. Bu ərəfədə mənə "Neftçi"dən gələn təklif qəbul etdim. Hər zaman Rəhman müəllim mənə deyir ki, bax, onda sən "İnter"də qalıb daha 2-3 oynamalı idin. Bu müddətdə tam püxtələşəndən sonra sənin karyeran daha yaxşı alına bilərdi.

- Qonşu Gürcüstandan, düşmən Ermənistandan belə xaricdə tanınmış futbolçular var. Yerli futbolçularımız isə ya xaricə getmir, ya da gedib uğursuzluq yaşayır. Bu sirli düyünü niyə aça bilmirik?

- Futbolçular da öz arasında bu haqda çox danışır. Azərbaycanlı olduğumuz üçün bizə bütün ölkələrdə yuxarıdan aşağı baxırlar. Gözlərinin qırağı ilə baxırlar. Bilmirəm bu nədəndi. Nəsə bizdə alınmır da. Necə ola bilər ki, bu qədər yerli futbolçudan 1-2 nəfər də olsa yaxşısı çıxmadı? Heç olmasa Türkiyə səviyyəsində oynasın. Belə bir şey mümkün deyil. Arada özüm də fikirləşirəm ki, cavan yaşda gələcəyin futbolçuları var. Böyük iş adamları səviyyəsində 12-13 yaşlı gənclərdən aparıb ayrı-ayrı xarici komandalara qoyasan, orda inkişaf edələr. 3-4 nəfərdən biri yaxşı futbolçu olsa böyük işdi. Futbolda olmuşam bilirəm hər şeyi. Gənc futbolçuları da fikirləşmək lazımdır. Bu haqda hər zaman düşünürəm.

- Təsəvvür edək ki, hazırda baş məşqçisən. Komandanda yerli futbolçulardan ibarət hansı 5-liyi görmək istərdin?

- Emil Balayev, Elvin Camalov, Maksim Medvedev, Ağabala Ramazanov və Cavid Hüseynov (gülür).

- Karyerasını bitirən futbolçulardan baş məşqçi, biznesmen olanı da var, çayxanada gün keçirəni də. Sənin gələcəklə bağlı planların necədir?

- Desəm ki, əlimdən nəsə iş gəlir, yalan demiş olaram. İnanırsan, özümə yemək çəkəndə belə dağıdıram ora-bura (gülür). Yəqin ki, futbol sahəsində qalaram.

- Hazırkı baş məşqçin xaric, bu günə qədər işlədiyin baş məşqçilərdən hansını xüsusi fərqləndirərdin?

- Bir nəfəri xüsusi fərqləndirmək olmur. Həm çox klubda oynamışam, həm də milli komanda da fərqli məşqçilər görmüşəm. Metodikasına görə Roman Qriqorçuk çox güclü idi. O, futbolun xəstəsi idi. Mən ona xəstə deyirdim. Həqiqətən, o adam futbolun fanatı idi. Bir yandan da Robert Prosineçki amili var. Hamının yanında demişəm ki, Prosineçki həm hörmətli idi, həm də hamının sevgisin qazanmışdı. İstənilən sahədə hörmətlə bərabər sevgini də qazanmaq çox çətindi. Ola bilər işinə xatir kimsə sənə hörmət etsin, amma arada sevgi olmasın. Amma Prosineçkiyə qarşı bunun ikisi də vardı. Düşünürdün ki, bu məşqçiyə görə meydana çıxıb can verərəm. Elə olurdu futbolçunu bağrına basıb qucaqlayırdı. Heç adamı doğması elə qucaqlamır (gülür).

- Dostluq etdiyin əcnəbi futbolçu var?

- Hər biri ilə münasibətim yaxşıdır. Amma dostluq etdiyim yoxdur.

- Gələcəkdə yaxşı imkanın olsa, hansı bölgənin futboluna yatırım qoyardın?

- Mən özüm Cəbrayıldanam. Açığı, istərdim oranın bir komandası olsun. Amma bir bölgə var ki, məni indiyə kimi düşündürür. Təxminən 2 il bundan qabaq Mingəçevirə Qismət Aliyevin toyuna getmişdik. Toydan bir gün öncədən ordaydıq. Futbolçularla şəhəri gəzməyə çıxdıq. Öncədən fikirləşirdik ki, burda böyük futbol yoxdur. Yəqin ki, bizi də tanıyan olmaz. Amma cavanından yaşlısına kimi hamısı bizi tanyırdı. Mən şoka düşmüşdüm. Futbolla da savadlı maraqlanırdılar. Biri var bildi-bilmədi danışa yola verib gedəsən. Ancaq bunlar məsəllərə çox savadlı yanaşırdılar, elə stiuasiyalardan, elə şeylərdən danışırdılar ki, görürdün futbolu bilirlər. Mingəçevir şəhəri də çox gözəl şəhərdi. Hələ də fikirləşirəm ki, nə əcəb orda bir komanda yoxdur. Niyə bunu heç kim görmür. Ora böyük futbol mütləq lazımdır. İnsanlar çox sevir futbolu. O vaxtdan bu məni çox düşündürür. Çox istərdim ki, Mingəçevirin komandası olsun.

- Müstəqillik tariximizin ən güclü futbolçusu kimi hesab edirsən?

- Rəşad Sadıqov.

- Karyeranda saysız-hesabsız oyuna çıxmısan, ən yadda qalan oyunun hansıdı?

- Milli səviyyəsində ən çox yadımda qalanı İrlandiya millisi ilə səfərdə bərabərə qaldığımız oyundu. Klub səviyyəsində "Apollon"la Kiprdəki səfər görüşü tez-tez yadıma düşür. O oyunda baş verənlər elə anlar, elə hislərdi ki, unudulmur.

- Zamanı geri qaytarsalar, karyerandakı hansı qərarı dəyişərsən?

- Məsələn, Rəhman müəllimin dediyi kimi, "İnter"də mən qalmalı idim. O vaxtlar Kaxaber Tsxadadze təzə gəlmişdi. 6 ay bir yerə çalışdıq. Mənə hər şeyi detallı başa salırdı. Çox israrla qalmağımı istəyirdi. Neçə dəfələrlə mənimlə söhbəti oldu. Amma digər yandan da "Neftçi"dən təklif gəlmişdi. Mən də gənc oyunçuyam, artıq milli komandada çıxış edirdim. "Neftçi" kimi klubdan da mənə təklif gəlir. Gözümə heç nə görünmədi. Düşündüm ki, karyeramda "Neftçi"nin formasın mütləq geyinməliyəm. Bəlkə də bu şans bir də ələ düşməz. Amma elə oldu ki, özüm üçün "Neftçi" karyeram elə də uğurlu alınmadı. "Bakı"dan sonra da Kaxaber Tsaxadadze məni "İnter"ə dəvət etdi. Hətta Hilton oteldə görüşümüz olmuşdu. Dəftərçəsində hər tərəfli məni başa saldı ki, səndə olan flan şeylər mənim komandamda çatmır. Ona görə səni israrla istəyirəm. Açığı, mən də görürdüm ki, beynimdə olan futbolla onun dedikləri üst-üstə düşür. Meydanda etmək istədiklərimi o özü məndən istəyirdi. Sadəcə iş elə alındı ki, ikinci dəfə də Kaxanın istəyi baş tutmadı və "Qəbələ"yə getdim. Amma şükür bu günümə. Demək ki, xeyirlisi bu imiş.

- Seçdiyin nömrənin xüsusi səbəbi var?

- Qardaşıma baxıb futbola gəlmişəm. Ona Maradona deyirdilər. Həm yaxşı texnikası vardı, həm də güclü zərbələri. O, hər zaman 11 nömrəni seçirdi. Ona görə, bir müddət 11 nömrədə çıxış etmişəm. Sonradan Cəbrayılın seriya nömrəsinə görə 14-ü seçdim.

- Keçmişi qaytarsalar bu günü qurban verərsən, yoxsa düşünürsən ki, keçmişlə bu günün vəhdəti daha yaxşı gələcək vəd edir?

- Düzdü, insan fikirləşir ki, flan şeyi başqa cür edərdim. Amma artıq olan olub. Keçmişi qaytarsalar çox şeyi duzəldərdim, amma o da süni alınacaqdı. Ona görə də keçmişi qaytarmazdım, elə bu günümüzə şükür.

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti