"Strateji baxımdan çox vacib oyun idi.
Müsbət nəticə növbəti mərhələ yolunda şansları artırmağa kömək edəcəkdi.
Hər iki komanda üçün belə idi. Təəssüf ki, sonda bizim üçün ürəkaçan nəticə olmadı".
Bu fikirləri Sportinfo.az-a açıqlamasında Avropa Liqasının əsas mərhələsində "Qarabağ"ın "Elfsborq"a məğlubiyyətini şərh edən futbol mütəxəssisi Arif Əsədov deyib.
O, məğlubiyyətə aparan səbəblər barədə danışarkən rəqibin "Qarabağ"ı düzgün təhlil etməsini xüsusi qeyd edib:
"Qarabağ" üstünlüyü ilə oyun keçdi. İkinci hissənin 10-15 dəqiqəsini kənara qoymaq şərtilə. Həmin dəqiqələrdə rəqib istədiyi qolu da vura bildi.
Ardınca müdafiəyə qapandılar. Bu da "Qarabağ"ın işini bir qədər də çətinləşdirdi.
Cinah ötürmələrini rəqib asanlıqla qarşılaya bilirdi. Qalırdı belə məqamda keyfiyyətli futbolçular önə çıxsın.
Qurulan sıx müdafiə xətti buna da imkan vermirdi. Görünən o idi ki, rəqib "Qarabağ"ı yaxşı analiz edə bilmişdi.
Arzuladıqları qolu vurandan sonra nəticəyə oynamağa başladılar. "Qarabağ"ın problemləri də yox deyildi.
Komanda iki əsas müdafiəçisinin xidmətindən məhrum idi. Hava şəraiti, meydança amili də "Qarabağ"a təsir edirdi".
Amma təcrübəli futbol adamı gələcəyə nikbin baxdığını sözlərinə əlavə edib:
"Bu o anlama gəlməsin ki, şanslar tükənib. Yenə də "Qarabağ"ın yoluna davam etmək şansı qalır. Yəqin ki, növbəti oyunlarda komanda bundan maksimum yararlanacaq.
Məncə, şans hələ qalır. Heç nə itməyib. Pozitiv olmaq lazımdır. İnanaq ki, son iki görüşdə maksimum nəticə əldə etməklə növbəti mərhələyə yüksəlmək mümkün olacaq".
XANOĞLAN

